Saat:16:54
Haqqımızda

16 YAŞLI NURCAN İNTİHAR EDİB? - Sığınacaqdakı ölüm faktı ilə bağlı müəmma

2025-11-20 15:00:35

16 YAŞLI NURCAN İNTİHAR EDİB? - Sığınacaqdakı ölüm faktı ilə bağlı müəmma

Xəbər verildiyi kimi, "Təmiz Dünya" sığınacağında yaşayan yeniyetmə faciəvi şəkildə ölüb.

Hurriyyet.az xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda, Motodrom qəsəbəsinin ərazisində qeydə alınıb. Belə ki, burada yerləşən "Təmiz Dünya" sığınacağının 16 yaşlı sakini Nurcan Cəfərova 4-cü mərtəbədən yıxılaraq ölüb.

Sığınacaqdan bildirilib ki, yeniyetmə qız sentyabr ayından orada yaşayırmış: “Nurcan Cəfərova sentyabrın 4-dən sığınacağa yerləşdirilib. Psixoloqlar vasitəsilə onun psixoloji vəziyyəti yoxlanılıb və intihara cəhd edə biləcəyi ilə bağlı əsaslar müəyyən olunmayıb.

7 yaşında olarkən onun anası dünyasını dəyişib. Anasının ölümündən sonra isə atası onu ataraq gedib. Nurcan həmin vaxtlar babasının öhdəliyində yaşayıb. Lakin dayıları ilə mübahisə yarandığı üçün o, evdən qaçıb, polisə müraciət edib. Polis qızı Sosial Xidmətlər Agentliyi vasitəsilə sığınacağımıza yerləşdirdi.

Uşaqlarla adaptasiyasında problem yox idi. Lakin onun ən böyük istəyi ailəsi ilə yaşamaq idi. Dəfələrlə qohumları ilə əlaqə saxlasaq da, bu gün-sabah gələcəyik deyib, gəlmirdilər. Dünən isə yekun olaraq, atası da Nurcandan imtina etdi. O deyirdi ki, atam da məndən imtina etdi, heç kim məni sevmir.

Güman edirik ki, hadisəni də bu səbəbdən törədib. Faktla bağlı prokurorluqda araşdırma aparılır".

Onu da qeyd edək ki, 16 yaşlı sakini Nurcan Cəfərovanın özünü 4-cü mərtəbədən ataraq intihar etdiyi haqda iddialar da var. Mövzunu araşdıracağıq.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az