Saat:08:49
Haqqımızda

16 MİLYONA BAĞ SAHƏSİ ALDI, QAZ BORCUNU ÖDƏMİR – Yaqub Eyyubov “Azəriqaz” işçilərini necə hədələyib...

2021-09-03 12:34:00

16 MİLYONA BAĞ SAHƏSİ ALDI, QAZ BORCUNU ÖDƏMİR – Yaqub Eyyubov “Azəriqaz” işçilərini necə hədələyib...

Bir neçə gün əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən cərimələndiyi haqda məlumat vermişdik. Qeyd etmişdik ki, R.Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəmədiyi üçün 16 min manat həcmində cərimələnib.

Hurriyyet.az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata əsasən, daha bir yüksək çinli məmur Novxanı bağlarında yerləşən villasının qaz borcunu ödəməkdən imtina edir. Ən maraqlısı isə odur ki, o, “Azəriqaz” əməkdaşlarını “bir də gəlib qazpulu tələb etsəniz, ayağınızı sındıraram”, - deyə hədələyib. Bu səbəbdən də, illərdir kimsə onun villasına ayaq basmağa cəsarət etmir.

 

Digər maraqlı məqam isə odur ki, barəsində söz açdığımız məmur da, Ramiz Mehdiyev kimi, anti-milli qüvvələrin başında yer alır və Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun ən parlaq simalarındandır. Hətta onu Putinin Azərbaycandakı ən sadiq kadrlarından biri kimi təqdim edənlər də var. Görünür, elə bu səbəbdən də, Azərbaycan dövlətinə meydan oxuyaraq, istifadə etdiyi mavi yanacağın pulunu ödəməkdən imtina edir. Özü də nümayişkəranə şəkildə və “Azəriqaz” əməkdaşlarına hədə-qorxu gəlməklə.

Oxucularımızı intizarda saxlamadan qeyd edək ki, söhbət Baş nazirin birinci müavini Yaqub Eyyubovdan gedir. Məlumatlı mənbə deyir ki, Y.Eyyubov Novxanıdakı villasının qaz borcunu sonuncu dəfə 2020-ci ildə ödəyib. Lakin bu zaman ya öz aləmində pulunun olmadığını göstərmək, ya da rəsmi qurumlarla məzələnmək üçün borcun çox cüzi hissəsini ödəyib ki, nəticədə hələ də dövlətə 10766 manat borcu var.

Maraqlıdır ki, istifadə etdiyi mavi yanacağını qiymətini ödəməyə əli gəlməyən Yaqub Eyyubov bu yaxınlarda Qusarda 16 milyon manat dəyərində torpaq sahələri, fındıq bağları alıb. Bu barədə məlumat verən araşdırmaçı jurnalist Cavanşır Həsənlinin sözlərinə görə, üstəlik, o, ölkə xaricində də geniş biznesə sahibdir: "Yaqub Eyyubov daha çox bahalı dişləri ilə tanınan yüksək vəzifəli məmur kimi məşhurlaşıb. Oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər.

Orxan Eyyubovun Londondakı daşınmaz əmlak şirkəti - NEW CANADA LTD-nin aktivləri ötən il 15 milyon funt-sterlinqə (35.5 milyon manat) çatıb.

Eyyubovların Kanadadakı klinikası isə 4 il əvvəl bağlanıb. Kanadanın məşhur vergi və biznes konsaltinq şirkəti MNP LLP 2017-ci ildə Orxan Eyyubovun müraciəti əsasında iflas prosesinə start verib. Sənədlərə əsasən onun sahibi olduğu 8989613 Canada Ltd-nin 1 milyon dollara yaxın zəmanətsiz borcu ortaya çıxıb. Lakin şirkət bağlanmayıb və hazırda aktiv statusdadır”.

 

Hurriyyet.az

 

P.S. Bütün bunlardan sonra, milyonlara sahib olan korrupsioner məmurların öz kommunal borclarını belə ödəmək üçün dirəniş göstərmələrinə heç bir anlam vermək olmur. Bəlkə, elə zənn edirlər ki, illərdir çapıb-taladıqları bu dövlət hələ də ayaqda durduğu üçün onlara borcludur?!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR