15 yaşlı oğlanı kimlər ana qatili etdi?

2022-04-22 09:57:00

15 yaşlı oğlanı kimlər ana qatili etdi?

Məktəbdə psixoloqların işi ancaq davamiyyət yoxlamaqdan ibarətdir. Bu gün bir məktəblinin belə bir qətlə imza atması bir-iki günün deyil, uzun zaman şüuraltında qalan travmanın nəticəsidir.

Bu sözləri Axar.az-a psixoloq Gülnar Orucova metronun “Neftçilər” stansiyasının qarşısında anasını bıçaqlayaraq öldürən 15 yaşlı məktəbli oğlan barəsində danışarkən deyib.

O bildirib ki, şagirdlərlə istər ümumi tərbiyə, ailə, istərsə də narkomaniya, alkoqolizm mövzusunda psixoloji dərslər aparılmalıdır:

“Uşaqlar indi ancaq sosial şəbəkələrdən nəsə öyrənməyə çalışırlar. Amma onlara bunun təlimini vermək lazımdır ki, nəyin doğru, nəyin yanlış olduğunu aşağı yaşlardan bilsinlər. Hazırkı dövrdə yeniyetmələr arasında aqressivlik halları artıb. O qədər aqressiv olurlar ki, bu, bəzən özünü döymək, intihar hallarına, qətl törətməyə qədər gətirib çıxarır. Bu səbəbdən valideynlər yeniyetmə övladları ilə danışarkən işlətdikləri ifadələrə diqqət etsinlər. Müəyyən zamana qədər uşağı evdə sıxışdıra bilərik. Sonra o, azadlığını zorla əldə etməyə çalışacaq. Bu zaman isə nəinki özünə, hətta ətrafına zərər verməyə başlayacaq”.

Psixoloq qeyd edib ki, valideyn hansı əxlaq sahibi olursa olsun, övladın ona əl qaldırmağa, cinayət törətməyə haqqı yoxdur:

“Lakin keçmiş dövrlə indiki dövr yeniyetmələri, gəncləri arasında çox fərq var. İndi yeniyetmələr arasında dəblə ayaqlaşmaq və özünü kiməsə bənzətmək psixologiyası formalaşıb. Özlərini daha böyümüş göstərməyə çalışırlar. Pis vərdişlərə meyil edir, evdə qoyulan hansısa qadağaya sərt reaksiya verirlər”.

G.Orucova hesab edir ki, bu cür qətl hadisələrinin baş verməsində kənar təsirlərin rolu böyükdür:

“Yeniyetmə bəzən bir faciəvi hərəkəti ətrafın sərt qınağına görə məcbur edir. Bu kimi hallara da rast gəlirik. Xüsusən sosial şəbəkələrdə yazılan şərhlərin böyük təsiri olur. Qətli törədənlərə bilib-bilmədən haqq qazandıranlar, “əcəb edib” deyənlər var. Nəzərə almaq lazımdır ki, yeniyetmələr hazırda həyatı ağ-qara görürlər. Ancaq bir istiqamətdə düşünür və özlərini haqlı bilirlər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya