15 yaşında qoşulub qaçdı, atası ona görə öldü - Onu “Ögey ana” filminə niyə çəkmədilər?

2022-06-11 19:49:00

15 yaşında qoşulub qaçdı, atası ona görə öldü - Onu “Ögey ana” filminə niyə çəkmədilər?

Hurriyyet.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Zəroş Həmzəyeva haqqında maraqlı faktları təqdim edir.

Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart, 1925-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulub. Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.

***

Atası Mirzə Bağır Əliyev 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanda törətdikləri vəhşiliklərdən bəhs edən "Qanlı günlərimiz" kitabını yazıb.

Əsl adı Zərrintac olan Zəroş Həmzəyevanı uşaqlıqdan əzizləyib Zəroş deyə çağırdıqlarına görə elə bu adla da tanınıb.

***

Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyl göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.

***

İbrahim Həmzəyevlə səmimi məhəbbətləri isə o zaman Naxçıvan şəhərindəki pionerlər evində başlayıb. Həmin vaxt İbrahim Həmzəyev pionerlər evinin dram dərnəyinə rəhbərlik edib. Beləliklə, 15 yaşında məktəbli ikən teatra gedən yeniyetmə qız teatr tamaşalarında İbrahim Həmzəyevi sevir. Və bu sevgi 15 yaşlı Zəroşun qoşulub qaçmağı ilə nəticələnir. Hətta atası Mirzəbağır Əliyev bu əhvalatdan sonra dünyasını dəyişir.

Onlar birlikdə səhnədə sevgili rollarını həmişə xüsusi şövqlə oynayıblar. 18 yaşından peşəkar səhnədə olan Zəroş xanım Həmzəyeva 1982-ci ildə İbrahim Həmzəyev vəfat edəndən sonra bir daha səhnəyə çıxmayıb. Leylisi olduğu səhnədən ayrılmaq nə qədər çətin olsa da, İbrahim Həmzəyevsiz səhnəyə çıxmaq ondan da ağır gəlib. Hətta aktrisa nə vaxtsa onu təkidlə teatra dəvət edəcəklərindən çəkinərək köçüb ömrünün sonunadək Bakıda yaşayıb.

***

Naxçıvan Teatrının tarixində ən çox baş rollarda çıxış edən səhnə ustalarından olan aktrisanın ürəyəyatımlı rəqqasəlik bacarığı da olub.

Zəroş Həmzəyeva həm də əyalət teatrından Akademik Milli Dram Teatrına dəvət olunan ilk qadın aktrisadır. Lakin onun bu müvəffəqiyyətlərinə qısqanclıqla yanaşanlar da olub. Görkəmli sənətkar Adil İsgəndərov "Ögey ana" filmində ögey ana rolunu Zəroş xanıma həvalə etmək istəyib. Bunun üçün Moskvadan zəng edərək onu filmdə oynamağa dəvət edib, lakin getmək istəyəndə aktrisanı aldadıblar. Belə ki, Adil İsgəndərov ikinci dəfə ona zəng vurub bir aydan sonra dəvət edəcəyini deyib. Sonralar Adil müəllimlə görüşəndə aydın olub ki, bunlar qurma imiş.

***

Zəroş Həmzəyeva "Əhməd haradadır" filmində də Əhmədin anası rolunda oynamalı imiş. Əhməd (Elxan Qasımov) üç dəfə qayınanasının (Zəroş Həmzəyevanın) arxasınca Naxçıvana gəlsə də, əliboş qayıdıb, deyiblər ki, sən get, özümüz göndərərik. Amma göndərməyiblər.

Zəroş xanım "Ögey ana"sız da, "Əhməd"siz də Azərbaycan Respublikasının Xalq artisti adını alıb, 2000-ci ildə ən yüksək mükafata, "Şöhrət" ordeninə layiq görülüb.

***

2004-cü ildə Bakıda vəfat edən Xalq artisti Zəroş Həmzəyeva ikinci Fəxri Xiyabanda dəfn edilib. Bakıda yaşadığı evə barelyefi və xatirə lövhəsi vurulub. Naxçıvan şəhərində bir küçə Xalq artisti Zəroş Həmzəyevanın adını daşıyır.

Oğlu Nizami Həmzəyev deyir ki, teatrşünas Adilə İsmayılova 1960-cı ildə Zəroş xanım Həmzəyeva haqqında kitab yazır və evinə zəng edərək ondan məsləhət alır ki, başlığını "Azərbaycanın dahi sənətkarı Zəroş xanım Həmzəyeva", ya "Görkəmli teatr xadimi" qoyaq? O isə belə cavab verir: "O adların ikisini də ləğv elə, ora yaz "Nehrəmli qız", ona görə ki, Nehrəm kəndinin də aktrisası olub." Bu adla onun haqqında sənədli film də çəkilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya