15 iyun Qurtuluş Günü ilə bağlı növbəti əfv sərəncamı olacaq? - KOMİSSİYA ÜZVÜNDƏN AÇIQLAMA

2022-06-02 13:44:00

15 iyun Qurtuluş Günü ilə bağlı növbəti əfv sərəncamı olacaq? - KOMİSSİYA ÜZVÜNDƏN AÇIQLAMA

Əliməmməd Nuriyev: "Mövcud praktikanı və əfv sərəncamlarının əhəmiyyətini dərk edərək, bundan çıxış edərək düşünürəm ki, belə tezliklə əfv sərəncamının olması ehtimalı azdır"

Xəbər verdiyimiz kimi, mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Hurriyyet.az bildirir ki, sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. O cümlədən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Bununla yanaşı, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bu arada, onu da diqqətinizə çatdıraq ki, hazırda həm mediada, həm də ictimaiyyət arasında ölkə başçısının 15 iyun Qurtuluş Günü ilə bağlı növbəti əfv sərəncamı verəcəyinə dair məlumatlar dolaşmaqdadır. Belə qısa zaman ərzində növbəti əfv sərəncamının olacağını iddia edənlərin fikrincə, əfv üçün müraciət edənlərin sayı həddən artıq çox olduğundan onlar mayın 27-də imzalanmış əfvə düşə bilməyiblər və bu səbəbdən də yerdə qalan müraciətlər baxıldıqdan sonra onların bir qisminin 15 iyun Qurtuluş Günü ilə bağlı imzalanacaq əfvdən yararlanmaq şansları var. Odur ki, qeyd olunan məlumatın nə dərəcədə doğru olduğunu öryənmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış hüquqşünas Əliməmməd Nuriyevlə əlaqə saxladıq. 

Beləliklə, bu cür məlumata sahib olmadığını deyən Əliməmməd Nuriyev Hurriyyet.az-a açıqlamasında belə qısa zaman ərzində növbəti əfv sərəncamının olacağını gözləmədiyini bildirdi: "Bildiyiniz kimi, sonuncu əfv sərəncamı 28 May Müstəqillik Günü ərəfəsində - mayın 27-də cənab prezident tərəfindən imzalandı. Ona görə də bu tezliklə yeni əfv sərəncamının olacağını düşünmürəm. Əlbəttə ki, prezident müstəsna konstitusion səlahiyyətlərə malikdir və nə zaman məqsədəuyğun bilsə, onda da əfv sərəncamı imzalaya, şəxsləri əfv edə bilər. Amma bütövlükdə mövcud praktikanı və əfv sərəncamlarının əhəmiyyətini dərk edərək, bundan çıxış edərək düşünürəm ki, belə tezliklə əfv sərəncamının olması reallığa az uyğun ola bilər. Yəni, belə bir ehtimal azdır".

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yetərli qədər müraciətlərə baxdığını vurğulayan Əliməmməd Nuriyev həmçinin, istənilən əfv sərəncamının hazırlanmasına böyük vaxtın lazım olduğunu və bunun heç də sadə proses olmadığını əlavə etdi: "Komissiya ümumilikdə 700-ə yaxın müraciətə baxıb və 20 saatdan artıq müddətdə işləyib. Əslində bu, elə də sadə bir proses deyil ki, gündə bir əfvlə bağlı məsələlər gündəmə çıxsın.Çünki bu, böyük zəhmət tələb edən işdir, burda çoxlu sayda müxtəlif instansiyalardan rəylərin alınması, o cümlədən məsələni araşdırmaq, təhlil etmək var. Eyni zamanda, bu, insan problemləri ilə bağlı məsələdir. Digər tərəfdən, istənilən əfv sərəncamının hazırlanmasına böyük vaxt lazımdır, çünki bu, heç də sadə proses deyil. Odur ki, belə qısa müddətdə yeni əfv sərəncamının olması ehtimalı olduqca azdır. Lakin bununla yanaşı, insanlarımızın düşüncələrini başa düşürəm, qarşıda 15 iyun Qurtuluş Günü var. Bu, Azərbaycan tarixində mühüm günlərdən biri sayılır. Ona görə də ayrı-ayrı şəxslər belə bir gözləntilərlə çıxış edə bilər. Amma bunun reallıqla əlaqəsini az ehtimal edirəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya