Saat:23:21
Haqqımızda

125 İLLİK DƏVA – Həsrət Rüstəmov yazır

2022-08-08 11:10:00

125 İLLİK DƏVA – Həsrət Rüstəmov yazır

Alman kimyaçısı Feliks Hoffman onu 1897-ci ilin 10 avqustunda elan etmişdi. 125 il əvvəl. Düzdür, onun tərkibindəki bir maddə - salisil turşusu, söyüd ağacının qabığından alınaraq minillərlə (bəzi mənbələrə görə iki min il) istifadı olunurdu. Amma bu təklikdə həm az effektli və yan təsirləri olmasına, əsasən də mədə-bağırsaq qanaxmaları verdiyinə görə məhdud istifadə olunurdu. Söhbətin indi hamının yaxşı tanıdığı Aspirindən getməsi yəqin ki, aydın oldu. F.Hoffmanın atasının da aspirinin kəşfində özünəməxsus rolu vardır.

Belə ki, oynaq revmatizması olan atasının tez-tez baş verən şiddətli oynaq ağrılarına əlac etmək düşüncəsi ilə alim aspirini kimyəvi olaraq sintez etmiş və atasına (həm də bütün bəşəriyyətə) yardım etməyə nail olmuşdu.

Amma 1970-ci ilədək bu dərmanın ağrını necə kəsməsi haqqında heç bir təsəvvür yox idi. Və məhz bu ildə ingilis alimi Jon Robert Van “prostoglandinlər” adlı toxuma iltihab hormonlarını kəşf etdi və aydınlaşdırdı ki, aspirin bu maddənin sintezini əngəlləyir. Beləliklə artıq çoxdan istifadə olunan aspirinin təsir mexanizmi də bəlli oldu. Bu işinə görə ingilis aliminə Nobel mükafatı da verildi. Məşhur lətifədə deyildiyi kimi, dərmanı Hoffman tapmışdı, amma mükafat Jon Robertə qismət oldu.

Asetil və salisil turşularının birləşdirilməsi ilə alınan Aspirin adını da məhz bu iki maddənin adından alıb. Elmi yazılarda isə öz kimyəvi tərkibi ilə - ASA kimi qeyd edilir, yəni ingilis dilindəki asetil-salisil turşusu. Əvvəlcə boyaçılıq şirkəti kimi fəaliyyətə başlayan Almaniyanın “BAYER” şirkətinin dərman sənayesindəki inkişafı ilə bu  dərman da dünyaya yayılaraq məşhurlaşdı. Necə deyərlər Aspirinin atası Hoffmandırsa, anası da Bayer şirkətidir, desək yanılmarıq. 

Beləliklə, az qala hər dərdə dəva olan Aspirin ötən 125-ildə müxtəlif təriflərə və təngidlərə məruz qalıb, bəzən möcüzə, bəzən də ölümə səbəb olan təhlükə adlandırılıb. Amma necə deyərlər ayaq üstə dura bilib və bu gün də “atını oynatmaqda” davam edir. Qan sulandırıcı, hərarətsalıcı, iltihab əleyhinə, ağrıkəsici, və hətta bədxassəli şiş əleyhinə vasitə kimi onu sizə can həkimi, ürək həkimi, qadın həkimi, göz həkimi və s. mütəxəssislər təyin edə bilər. Amma amandır özbaşına və nəzarətsiz içməyin, çünki faydaları kimi ciddi – hətta həyatınızı təhdid edə bilən zərərləri də vardır.

Dünyanın hər yerində, hamının əli çata bilən qiymətə bu dərmanı almağın mümkünlüyünü isə bəlkə də onun ən yaxşı xüsusiyyəti hesab etmək olar. Nəzərə alsaq ki, bu gün dünyada dərman qiymətlərinin yüksəkliyi, bəzi hallarda əksəriyyət üçün əlçatmaz olması bu sahənin və ümumiyyətlə dünyanın ən ağrılı tərəfidir. Bu mənada Aspirin, belə demək mümkünsə ən humanist dərmandır, onun bəzi preparatlarını hətta qəpiklə almaq olar.     

Belə, ötən 125 ildə çox dərmanlar gəlib gedib, bundan sonra da çoxlarının gələcəyi şübhəsizdir. Aspirin isə qalır və həyatımızı yüngülləşdirir. Elm dairələrində ona qarşı diqqıt isə zərrəcə azalmır. Təsadüfi deyil ki, hər il dünyada yüzlərlə elmi aspirin araşdırması həyata keçirilir, bu “möcüzəvi” dərmanın müxtəlif aspektləri tədqiq olunur və görünən odur ki, hələ bu proses daha bir yüz il də davam edəcək.    

Hər birinizə sağlamlıq diləyi ilə,

Həsrət RÜSTƏMOV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR