104 yaşlı Azərbaycan polisi, günün mübarək

2022-07-02 00:04:00

104 yaşlı Azərbaycan polisi, günün mübarək

Bu gün Azərbaycan polisi 104-cü yaşını qeyd edir.

1918-ci il 2 iyulda Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları təsis edilib.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Sonrakı dövrlərdə də öz vəzifəsinin öhdəsindən peşəkarlıqla gəlib.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 143 nəfər orden və medallara layiq görülüb.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2 640 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

2020-ci ilin sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılıb. Vətən müharibəsinin ilk saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilib. Murovdağ döyüşləri zamanı "Pələng" və "Şahin" Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bu gün Azərbaycan polisi keçdiyi inkişaf yolunda həm də vətəndaşların etimad bəslədiyi orqana çevrilib. 

Xatırladaq ki, Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib və hər il  qeyd olunur.

104 yaşlı Azərbaycan polisi, günün mübarək!

Mənbə: AZİNFORM.AZ 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055648