1003 nəfər xocalılını əsirlikdən xilas etdi, onun üçün qazılan məzarda Çingiz Mustafayev dəfn edildi

2022-04-22 15:43:00

1003 nəfər xocalılını əsirlikdən xilas etdi,  onun üçün qazılan məzarda Çingiz Mustafayev dəfn edildi

Vətən eşqi ilə qanadlanıb əbədiyyətə gedən Simurq quşu

Adi insanların həyat hekayəsini onların doğulduğu gündən başlayaraq danışırlar. Qeyri-adi insanların həyat hekayəsi isə onların təsirli ölümləri ilə başlanır.

Bu gün onun doğulduğu gündür - 1946-cı il aprelin 22-də Ağdamda dünyaya göz açıb.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb, Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib. İndi onun qəbri də bizdən qopan vətən torpaqlarımız kimi qəriblikdədir.

“İyunun 12-də Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Naxçıvanik üzərinə hücuma keçdi. Cəmi bir saat kifayət elədi Naxçıvanikə Azərbaycan bayrağının sancılması üçün. Növbədə isə düşmən qüvvələri xeyli güclü olan Aranzəmin kəndi idi.

100 erməni meyiti və 10 düşmən əsiri bahasına alındı Aranzəmin. Daha sonra isə Pircamal, Dəhraz, Təkir, Miri kəndləri ermənilərdən təmizləndi. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi 2 saat lazım oldu. Lakin bu döyüş Allahverdi Bağırovun son döyüşü oldu. Təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü ilə birlikdə həlak oldu.

O vaxt Qarabağda həlak olanların çoxunu Bakıdakı Şəhidlər Xiyabanında dəfn edirdilər. Allahverdi həlak olanda da burdakı Şəhidlər Xiyabanında qəbir qazılmışdı. Lakin sonradan məsləhət bilindi ki, Eldarın da qəbri Ağdamdadır, onların hər ikisi Vətən yolunda şəhid olublar, qoy qəbirləri də eyni torpaqda olsun. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edildi. Amma indi fikirləşirik ki, heç olmasa, birinin qəbri burda olaydı...”  ailə üzvləri belə deyir.

Ailədə yeddi qız övladından sonra dünyaya gələn Allahverdi ilə Eldar Bağırov qardaşları həyatlarını sevdikləri Qarabağ torpağına həsr etdilər, cəmi 7 aylıq məsafə ilə ölüm şərbətini daddılar.  O zaman Azərbaycan Ali Sovetinin deputatı olan Eldar Bağırov müəmmalı şəkildə qətlə yetirildi. Deyilənə görə, onun cibində Qarabağın bir neçə erməni kəndinin Azərbaycan tərəfə keçməsi ilə bağlı siyahı var imiş... Lakin bu ölüm açılmamış qaldı. Onun ardınca Ağdamın müdafiəsini və Ağdam Xalq Cəbhəsinə sədrliyi öz öhdəsinə götürən Allahverdi Bağırov Xocalı faciəsi zamanı misilsiz qəhrəmanlıqlar göstərdi. Lakin onun da ölümündə müəmmalar olmamış deyil...

Allahverdi Bağırovla Çingiz Mustafayevin yolları təkcə şəhidlik yataqlarında deyil, Qarabağ müharibəsi meydanlarında, xüsusilə də Xocalı faciəsində haqq mübarizəsində də kəsişib. Bu gün “Xocalıya ədalət” hərəkatında əsas dəlillər Çingiz Mustafayevin çəkdiyi kadrlardır. Erməni vəhşiliyini bütün dünyaya çatdırmaqda, Azərbaycanı erməni işğalından, Türkiyəni yalançı ittihamlardan, şərdən, böhtandan qurtarmaq işində bu görüntülərin əvəzsiz rolu var. Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, tarixci araşdırmaçı, “Allahverdi Bağırovla beş günüm neçə keçdi” məqaləsinin müəllifi Cəlaləddin Qasımov milli qəhrəmanımızın Xocalı həqiqətlərinin işıqlandırılmasındakı xidmətindən yazıb: “Seyidağa Mövsümov Xocalı soyqırımı şəkillərini çıxartdırıb mənə verib. Mən onları görəndə dəhşətə gəldim. Seyidağa ilə görüşəndə o şəkilləri necə çəkə bildiyini soruşdum. “Ermənilərin içərisində sənə kim icazə vermişdi”, – soruşdum. O da mənə dedi: “Xocalı soyqırımı zamanı meyitlər yığılan zaman ermənilər məni buraxmadılar, şəkil çəkməyə icazə vermədilər. Allahverdi Bağırov adlı bir nəfər Vitalik Baqdasaryana sərt-sərt baxıb məni göstərdi və “bu operator işini görəcək” dedi. Erməni dillənə bilmədi. Mən də erməni vəhşiliyini lentə aldım, vaxt gələcək, bu şəkillər ermənilərə qarşı bir silah kimi istifadə olunacaq. Onların vəhşiliyini dünya görəcək. Mən əminəm ki, bizim və bizim babalarımızın elədiyi səhvləri gənc nəsil təkrarlamayacaq. Bu şəkillər, videogörüntülər gənc nəslə dəlil-sübut olacaq. Onlar bədnam qonşularımızın nələrə qadir olacağını görəcəklər”.

Milli qəhrəmanımız Allahverdi Bağırovun Cəlaləddin Qasımova söylədikləri həqiqi vətən aşiqinin ürəyinin harayıdır: “Mən sənin sualına cavab vermədim, sən mənə demişdin ki, gecələr də yatmıram. Mən Xocalı faciəsini görəndən sonra yuxum ərşə çəkilib. Mən o dünyada yatacam. Siz yazarlardan da bir istəyim var, tariximizi düz yazın!. SSRİ vaxtında yazılan o yalan tarixi dəyişdirin.

 Ermənilər orta məktəb dərsliklərində “türklər sizin düşməninizdir!” yazanda, bizimkilər məktəbdə “qəhrəman Saumyan adına rayonlar, məktəblər, xəstəxanalar açırdı…”

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, “Qarabağ” Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Ən böyük hərbi uğuru 1992-ci il 12 iyundə Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olmuşdur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.

Xocalı faciəsi zamanı o, 1003 nəfəri əsirlikdən sağ aldı, yəni ölümdən, xəstəliklərdən, bunlardan dəfələrlə ağır və əzabverici olan işgəncələrdən, təhqirlərdən qutardı.. Bu qədər adama həyat vermək nə demək idi? “Azərbaycan tərəfi yalnız Allahverdinin səbəbinə Xocalı faciəsində öldürülənlərin meyitlərini çıxara bildi. Ermənilərlə danışıqlar aparmaq, don vurmuş meyitləri çıxarmaq, onları Ağdama gətirmək, dəfn etmək, yaslarını vermək, əsirlikdən qurtaranları yerləşdirmək... bütün bunlar bəlkə də Xocalı dəhşətlərini görməyən kimsə üçün asan görünər. Lakin on günlərlə meyit gözləyən insanlara kömək əlini yalnız Allahverdi uzadırdı. Hamısını öz vəsaiti hesabına eləyirdi. Ölənlərin dəfninə də köməklik eləyirdi. Ağdam məscidində həmin insanların yaxınları onlara verilən işgəncələri görməsinlər deyə meyitləri yuyub kəfənləyirdilər. Ermənilərlə danışıq aparırdı, gedirdi sərhədə. Bu, hər oğulun işi deyildi ki, ermənilərlə belə danışıq aparsın. Allahverdi çox ürəkli adam idi”.  Xalq öz əfsanəsi haqqında bunları danışır.

Allahverdi Bağırovun həyat yoldaşı Validə xanım isə onu belə xatırlayır.

“Allahverdi həlak olanda qızlarımın 4-5 yaşı var idi. Mən 28 yaşımdan onları atasız böyüdürəm. Mən belə zülmə düşüb o uşaqları saxladım, Allahverdi də xalq, Vətən yolunda getdi. O yalnız ailəsi üçün yaşamadı. Heç biz də bunu ondan istəmədik. Onun öz əqidəsi var idi. Heç nəyə də ehtiyacı yox idi. Ağdamda ictimai iaşə birliyində işləyirdi. Restoran, tikinti kooperativləri, dükanları var idi. Əksinə, olanlarımızı könüllü əsgərlərə və Xocalıdan əsirlikdən gətirilənlərə yedizdirirdi.

 Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını, qızlarını görəndən sonra özünə gələ bilmirdi. 9 yaşlı qız uşaqının başına nə oyun açmışdılarsa, gəlib evdə hönkür-hönkür ağladı. Bizə sarı da çönüb baxmırdı. O cür möhkəm adam, 2 metr boylu, idmançı... Mən hələ onun kövrəldiyini görməmişdim. Son iki ayda evə gələ bilmirdi. Başı qarışıq idi. Amma 5-10 dəqiqəlik də olsa, gəlib qızları ilə görüşüb gedirdi. Çox zaman mən sulu xörək bişirib göndərirdim ki, bir isti xörək yesinlər. Bunlar da ağlaşırdılar ki, "ay dədə, apar bizi, apar bizi". Eldarın ölümündən sonra saqqal saxlayırdı. Zarafatla çıxarıb saqqalından bir neçə tük verirdi qızlarına ki, "Alın yandırın, nə zaman istəsəniz, mən gələrəm. Simurq quşu kimi..." Amma bir gün qızları nə qədər çağırsalar da, o gəlmədi...

Allahverdinin yoxluğunu, təkliyimi daha çox qızlarımı gəlin köçürəndə, onları çırağın başına dolandıranda hiss etdim...

Uşaqlar artıq 5-6 yaşlı qızlar deyil, böyüyüblər. Aynur həkimdir, Qanköçürmə İnstitutunda işləyir. Zümrüd hüquqşünasdır. Sərhəd Qoşunlarında işləyir, gizirdir. O çətin günlər artıq gedib, Amma hər xatırlayanda ürəyim sıxılır, onları nə qədər çətinliklə böyütdüm. Çox şükür yenə də... üç nəvəm var. Eldar Bağırovun da iki qızı var. Bu yaxınlarda onun da bir oğlan nəvəsi olub. Adını Eldar qoyublar”.

Döyüşlərdə avtomatı ata-ata ayaqüstə gedən, uzanmayan Allahverdi Bağırov,  1992-ci ilin 12 iyununda Qurban bayramı günü, elə həmin gün beş kəndimizi düşmən əlindən aldıqdan sonra, yolda maşınla geriyə qayıdarkən minaya düşərək həlak oldu. Milli Qəhrəman adını 93-cü ildə Əbülfəz Elçibəy vermişdi. Amma "Qızıl ulduz" medalını ailəsinə Heydər Əliyev təqdim elədi...

Bu gün sənin doğma şəhərin Ağdam da, bizlər üçün əziz olan məzarıın da artıq azaddır. Ruhun şad olsun, xocalıların xilaskarı.

Hazırladı Hürr Tərcüman

Qarabağın Aslanı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya