"100 minlik ordu Livana daxil olmağa hazırdır" - İsrailli politoloqla ŞOK MÜSAHİBƏ
"Qəzza zolağında hərbi əməliyyatlar başlayandan İsrail Müdafiə Qüvvələri ilə terror təşkilatı "Hizbullah" arasında artilleriya döyüşləri demək olar ki, hər gün davam edir".
Hurriyyet.az xəbər verir ki, bunu TNS-ə müsahibəsində israilli siyasi analitik Yuri Boçarov deyib.
Onun sözlərinə görə, İsrail və "Hizbullah" bir-birinə qarşı irimiqyaslı hərbi əməliyyatlar aparmasa da, HƏMAS-ı dəstəkləyən Livan qruplaşması mütəmadi olaraq İsrail ərazilərini atəşə tutur: "İsrail Livanın hər hücumuna sərt cavab verir. Son iki ayda 135-dən çox "Hizbullah" döyüşçü öldürülüb. "Hizbullah" belə sərt cavabı və İsrailin Livanın özündə hərbi əməliyyatlara başlamaq ehtimalını gözləmirdi. Beləliklə, bu gün 100 min İsrail hərbçisi Livana daxil olmağa hazır şəkildə sərhəddə yerləşdirilib. Müxtəlif mənbələrə görə, "Hizbullah" sərhəddən çəkilməyə qismən hazırdır. Bu, baş verərsə, o zaman Livan ərazisində müharibə təhlükəsi müvəqqəti olaraq aradan qalxacaq".
– Yeni müharibə ehtimalı varmı?
– İsrailin indi də hücum gözlədiyi Livan və Suriyadakı hər iki hadisə yeni müharibəyə səbəb ola bilər. Ötən gün logistika xidməti İsrailin Suriya və İordaniya ilə sərhəd bölgələsində hücum təhlükəsi barədə məlumat verib. Minlərlə iranlı milis prezident Bəşər Əsədin əraziyə nəzarəti itirməsindən sonra Qolan təpələrində, bəziləri isə Hamat Qaderə yaxın ərazilərdədir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti, ordunun koordinasiyasına cavabdeh olan Səid Razi Musəvinin döyüşdə öldürülməsindən sonra təhlükəsizlik qüvvələri yalnız "Hizbullah"ın Livandakı fəaliyyətlərinə diqqət yetirməmək və Suriyadan mümkün qəfil hücuma hazırlaşmaq tövsiyəsi alıb.
Son günlər amerikalılar həm Suriya, həm də İraqda yerləşən iranpərəst qruplaşmaların bu regionda yerləşən bazalarına hücumlara cavab olaraq onlara zərbələr endirməyə başlayıblar. Son iki ayda Suriya və İraqda yerləşdirilən ən az 100 amerikalı hərbçi hücuma məruz qalıb. Bu işə pilotsuz uçuş aparatları (PUA) və raketlər, o cümlədən qısamənzilli ballistik raketlər cəlb edilib. Beləliklə, İsrailin şimalında vəziyyət həddindən artıq gərgindir və hər an müharibəyə səbəb ola bilər, xüsusən də regionda heç kimə tabe olmayan və ciddi hərbi münaqişəyə səbəb olmağa hazır olan kifayət qədər kiçik terror qrupları var.
– Yeni müharibənin region üçün hansı nəticələri ola bilər?
– Bu müharibənin nəticələri Livan hökuməti üçün çox baha başa gələcək, çünki şimalını "Hizbullah"dan təmizləmək üçün İsrail kütləvi raket və bomba hücumlarına əl atmalı olacaq. Bu hərbi kampaniya isə açıq-aydın ABŞ təyyarələri tərəfindən dəstəklənəcək. Təbii ki, "Hizbullah"ın kütləvi atəşə tutulması İsrail ərazisində də itkilərə səbəb olacaq. Unutmaq olmaz ki, "Hizbullah"ın 80 minə yaxın döyüşçüsü var və 100 mindən çox raketlə silahlanıb. Məhz bu qüvvəni sıxışdırmaq üçün İsrail müharibə vəziyyətində bu ərazinin bombalanmasından maksimum istifadə edəcək və nəticədə Livanı keçmişə qaytaracaq, infrastrukturunun çox hissəsini məhv edəcək. Suriyada yerləşən iranpərəst qruplaşmaların peykləri İsrailə qarşı döyüşə girərsə, İranın nə edəcəyi sualı da açıq qalır. Birbaşa müdaxilə hallarında isə bu müharibənin bütün region üçün nəticələrini hesablamaq çətindir.
– Tərəflər arasındakı qarşılıqlı hədələr nə ilə nəticələnə bilər?
– Təəssüf ki, müharibə ehtimalı reallıqda daha çoxdur. Qəzza zolağında iki aydan artıqdır, davam edən döyüşlərə baxmayaraq, İsrailin öz silahlı qüvvələrinin demək olar ki, üçdə birini Livanla sərhəddə saxlaması da buna sübutdur. Eyni zamanda, "Hizbullah"ın atdığı raketlərin intensivliyi, demək olar ki, hər gün artır və indi Qolan təpələri bölgəsində iranyönlü qrupların fəallaşması buna əlavə təsir edir. İstənilən halda, İsrail yaxın gələcəkdə hərbi müdaxilələrə hazırlaşmalıdır.