"100 MİNLƏRLƏ İNSAN TİBBİ SIĞORTADAN KƏNARDA QALIR" – “Nazir etiraf etmişdi ki...”
“Azərbaycanda rəsmi məlumata görə, 1,5 milyon nəfərə yaxın kənd təsərrüfatı torpaqlarının payçıları var. Onların içərisində pensiyaçı, əlilliyi olan şəxs, rəsmi müqaviləli işdə çalışan xeyli insan var və dəqiq sayını çox güman ki, dövlət bilir. Amma aydındır ki, bu kateqoriyaya aid olan yüz minlərlə insanın əsas və yeganə iş yeri də elə pay torpaqlarıdır. Onlar ölkənin ərzaq, həm də milli təhlükəsizliyinin sütunudur”.
Hurriyyet.az bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev “Facebook” hesabında yazıb.
O, vurğulayır ki, belə bir strateji sahənin ağırlığını daşıyan nəhəng işçi ordusu icbari tibbi sığorta mexanizmindən kənarda qalır: “Çünki qanunvericiliyə görə, pay torpaqlarının yerləşdiyi ərazinin bələdiyyəsində ailə kəndli təsərrüfatı kimi uçota alınmayan fermerlər avtomatik olaraq qeyri-formal məşğul əhali kateqoriyasına düşür. Əlimdə real faktlar yoxdur, amma şəxsi kanallarla dəqiqləşdirə bildiyim odur ki, Azərbaycanda ailə-kəndli təsərrüfatı kimi bələdiyyələrdə uçota düşmək praktikası demək olar ki, istifadə edilmir. Yəni yüz minlərlə torpaq payçısını statistika qeyri-formal məşğul kimi qeydə alır və onların icbari tibbi sığorta məsuliyyəti öz üzərlərində qalır”.
İqtisadçı əlavə edir ki, tibbi sığorta haqqında qanunda ayrıca olaraq torpaq payçıları sığorta ödəyicisi kimi nəzərdə tutulmayıb. Halbuki pensiya sığortasında bu yanaşma var və torpaq mülkiyyətçiləri torpağın keyfiyyət kateqoriyasından asılı olaraq minimum əmək haqqına nisbətlə pensiya sığortası ödəyirlər.

R. Ağayev hesab edir ki, imtiyazlı şərtlərlə xırda torpaq payçılarının sığortasını dövlət subsidiyalaşdırmalıdır.
“Elə bu yaxınlarda ölkənin kənd təsərrüfatı naziri dedi ki, Azərbaycanda bir təsərrüfata orta hesabla 1,7 hektar torpaq düşür və bu, ailənin dolanması üçün qətiyyən kifayət deyil. O, daha uzağa gedərək əlavə etmişdi ki, fermer ailəsinin dolanışığı üçün azı 9 hektar torpağa sahib olmalıdır. İndi özünü dolandıra bilməyən bu qədər böyük sayda insanın sağlamlığını qorumaq məsuliyyətini onların boynuna atmaq olarmı? Sağlamlıq məsələsi də ərzaq təminatı kimi strateji və milli təhlükəsizlik məsələsidir”, – ekspert vurğulayır.
“Yeri gəlmişkən, bir çox ölkələrdə dövlət bütün səhiyyə xidmətlərinə münasibətdə universal sığorta modeli tətbiq etməsə də, minimum xidmətlər paketi təqdim edir, istisnasız olaraq bütün vətəndaşlar həmin paketi ala bilir. Bizdə heç olmasa bunu edəcəklərmi?”, – Rövşən Ağayev sual edir.
