Saat:02:15
Haqqımızda

" O günlər artıq geridə qaldı..."

2021-09-27 11:10:00

Hurriyyet.az Xalq artisti, tanınmış virtüoz balaban ifaçısı və ustadı Əlixan Səmədovun Moderator.az-a müsahibəsini təqdim edir:
- Əlixan müəllim, yaradıcılığınızda nə kimi yeniliklər var? 

- Bu aralar Azərbaycan xalq mahnıları üzerində işləyirəm. İnşallah ən qısa zamanda "Azərbaycan xalq mahnıları" adlı bir albomum da işıq üzü görəcək. Bu günə qədər çalışmalarımda elektronik səslərdən çox istifadə etmişdim. Bu albomda isə dinləyicilərimin də istəyini nəzərə alaraq, sadəcə akustik olaraq hazırladım. İstanbulda yaşayan musiqiçi dostlarıma da, Çərkəz Yasəmin Dadaşova (Piano), Günay Məcidova (Aksu) (Nağara) və Alpər Uğurlar'a (Bas gitara) sizin vasitənizlə bir daha təşəkkür edirəm ki, bu çətin günlərdə məni yalnız qoymayaraq, mədəniyyətimizə daha bir musiqi albomu qazandırmaqda kömək etdilər. Bu albomu yaratmağımda məqsədim isə gənclərimizə bizim nə qədər gözəl musiqilərimizin olduğunu göstərməkdir. Bunu da qeyd edim ki, indiki bu çətin zamanda dünyadakı bir çox insanlar, yaşamının çox hissəsini evində keçirir. İnkişaf etmiş ölkələrdə insanlar, dünya musiqilərini dinləmək üçün ən çox istifade etdikləri "Spotify" programından da gördüyüm qədəyilə, xalq musiqilərimizə təlabat çoxdur. Hətda məni dinləyən aylıq dinləyici sayısı da hər gün artmaqdadır. Bu da milli musiqimizin nə qədər sevildiyini bir daha göstərməkdədir. 


- Təbii ki, bu il siz də 30 ildən sonra Şuşa torpağına ayaq basdınız. O yurd yerlərimizə qayıtmaq üçün nə qədər narahat idiniz, darıxırdınız? 


- Mən daha öncə Şuşamızda heç olmamışdım. Hər kəs kimi internetdən oxuduğum qədər məlumatım var idi. Amma sevənlərim, müharibə öncəsi hər zaman mənə yazırdılar ki, "İnşallah Şuşada da bir gün konsertinizi dinləməyə gələrik".  Bu sözləri düşünərək hər zaman xəyal edirdim. Nədən olmasın ki? İnanın günlər, aylar keçir, müharibə başlayır və biz torpağlarımızı düşmən elindən geri alırıq. Heç gözləmədiyim bir gün özümü Şuşada görürəm. Bütün düşündüyüm xəyallarım gerçək olub və Şuşada səhnədəyəm, qarşımda isə Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev başda olmaqla, bir çox ziyalılarımız və mədəniyyət sahəsində əməyi keçən hər kəsi orda görmək, mənim üçün böyük bir sevinc idi. 

Sevənlərimin duası ilə Allah mənə də Şuşanı görməyi nəsib etdi. İnanın Cıdır düzünün hər yeri mənə əsgərlərimizi xatırladırdı. Qaldığımız binanın balkonundan baxdığım zaman isə müharibənin izini hər yerdə görmək mümkün idi. Allah şəhidlərimizə bir daha rəhmət eləsin, ailələrinə səbr, gazilərimizə də, şəfa versin. O günlər artıq geridə qaldı, inşallah bir daha müharibə olmaz, Şuşamızdan və bütün ölkəmizdən hər zaman uşaqların gülüş səsləri yüksəlsin. 

- 44 günlük Vətən müharibəsindən sonra yaşadığınız qardaş Türkiyədə bu qardaşlığın daha sıx münasibətini nə qədər hiss edirsiniz? 

- İnanın Türkiyə xalqı o günlərdə elə bil ki, hamısı azərbaycanlı olaraq yaşayırdı. Hər qarış torpağımız alındığı zaman mənə o qədər təbriklər gəlirdi ki, sevincimdən gözyaşlarımı tuta bilmirdim. Bir daha görürdüm ki, doğurdan da "Bir millət, iki dövlət" olaraq hər kəs yanımızdadır. Mən az çox dünyanı gəzən insanam, inanın bizim millət kimi dünyada tayı, bənzəri olan ikinci bir millət yoxdur. Onun üçün ən böyük arzularımdan da biri odur ki, Allah hər kəsə dünyanı gəzməyi nəsib etsin ki, gerçəkləri görmə imkanları olsun. 

 

- Bu gün 27 sentyabrdı, 44 günlük Vətən müharibəmizdən bir il ötür. Bu haqda nə demək istəyirdiniz? 

- İnşallah Şuşamızın, eləcə də Qarabağ bölgəmizin bütün yaraları sarılsın, həyat normala dönsün, hər evdən uşaq səsləri gəlsin, bizlər də sevə-sevə o bölgədə yaşayan insanlarımız üçün konsertlər verək. Bilirəm, müharibədən bir il ötsə də, gecə-gündüz işlər davam edir. İnşallah ən qısa zamanda evindən ayrılmış ailələr, yenə də öz ata yurdlarına dönər və bu 30 il ərzində evindən ayrı yaşayaraq keçirdiyi acı günləri geridə qoyarlar.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR