Zərdüşt Əlizadə: “28 bəndi qəbul etmək Zelenski üçün ölümdür”
ABŞ prezidenti Donald Tramp Administrasiyasının Ukrayna ilə bağlı 28 bənddən ibarət sülh planının tam mətni açıqlandıqdan sonra, xarici KİV-in yazdığına görə, Vaşinqton Ukrayna Prezidenti Vladimir Zelenskinin 27 noyabr cümə axşamı tarixinə qədər Ukraynadakı münaqişənin həlli üçün yeni sülh planının imzalamasını gözləyir.
Mənbələrin yaydığı məlumata görə, ABŞ rəsmiləri Zelenskinin müqaviləni gələn həftə Şükranlıq günündən əvvəl imzalayacağını gözləyir ki, o, sülh müqaviləsini bu ayın sonunda Moskvaya təqdim edə bilsin. Onlar bu prosesi noyabr ayının sonuna qədər başa çatdırmaq istəyirlər ki, münaqişənin həllinin bütün mərhələləri 2025-ci ilin dekabr ayına qədər tamamlansın.
Mövzunun aktuallığını nəzərə alaraq Hurriyyet.az politoloq Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb.
Z. Əlizadə bildirib ki, bu sülh planı Rusiyanın diktə etdiyi qəbuledilməz şərtlərdir: “Ukraynanın məğlubiyyəti, onun suverenlikdən imtinası, dizi üstə çökməsi, Rusiyanın nəzarəti alına keçməsidir. Zelenski, Ukraynanın siyasi hakim sinfi, eləcə də Ukrayna ordusu üçün qəbuledilməz şərtlərdir və mən əminəm ki, bunu qəbul etməyəcəklər”.
Z.Əlizadə hesab edir ki, bu açıqlanan plan Amerikanın xeyrinədir: “Çünki Ukraynanı aldadandan sonra, onu şirnikləndirib, onları qarşıdurmaya salandan sonra imkan verdi ki, Rusiyanı da, Ukraynanı da bihal etsin, biri-birinə düşmən etsin, onları siyasi səhnədən silsinlər. İndi isə gəlib Ukraynaya deyirlər ki, öz ərazindən, suverenliyindən imtina elə və biz sənə kömək etmək fikrində deyilik. Burada o atalar məsəli yada düşür: özgə atına minən tez düşər. Bu müharibə Ukraynanın hakim sinfinin böyük siyasi səhvidir, savadsızlığıdır, tamahkarlığıdır, ağılsızlığıdır. Amma indi olan olub, müharibə gedir. Ukrayna üçün bu cür vəziyyətdə təslim olmaq mümkün deyil, qəbuledilməzdir”.
“Əlbəttə ki, bu mərhələdə Zelenskinin hakimiyyətdən getmək ehtimalı var. Əgər bu planı qəbul etsə, onu Ukrayna xalqı, hakim sinfi qəbul etməyəcək. Bu 28 bəndi qəbul etsə, bu, onun üçün ölümə bərabərdir, siyasi ölüm deməkdir”.
CAVİD
