Yatmazdan əvvəl telefona baxmaq yuxu sağlamlığını həqiqətən təsir edirmi?
Yatmazdan əvvəl ağıllı telefondan istifadə etməmək tövsiyəsi müasir dövrün ən geniş yayılmış sağlamlıq xəbərdarlıqlarından biridir. Lakin çoxları bu qaydanı pozur. Yeni bir elmi araşdırma isə bu vərdişin yuxuya mənfi təsirinin əvvəllər düşünülən qədər qəti olmadığını irəli sürərək uzunmüddətli mübahisəni yenidən gündəmə gətirib.
"Sleep Health” jurnalında yayımlanan tədqiqatda Kanadada min nəfərdən çox yetkinin yuxu sağlamlığına dair məlumatları təhlil olunub. İştirakçıların 80 faizindən çoxu son bir ayda yatmazdan əvvəl ekrana baxdığını, təxminən yarısı isə bunu hər gecə etdiyini bildirib. Onlar ekran istifadəsinin tezliyinə görə üç qrupa bölünüblər: ara-sıra, orta dərəcədə və mütəmadi istifadə edənlər.
Nəticələr gözlənilməz olub. Yaş, cins və gəlir kimi amillər nəzərə alındıqda, ara-sıra və mütəmadi ekran istifadəçiləri ən yaxşı yuxu keyfiyyətinə sahib olduqlarını bildiriblər. Ara-sıra ekran istifadə edənlər daha yaxşı yuxu nizamına və məmnuniyyətə malik olduqlarını, mütəmadi istifadə edənlər isə ən sabit yuxu vaxtı və gündüz oyanıqlığına sahib olduqlarını qeyd ediblər. Ən zəif nəticə isə orta dərəcədə istifadə edənlərdə müşahidə olunub.
Mavi işıq iddiası və yaş amili
Bu nəticələr, uzun müddətdir qəbul edilən "mavi işığın yuxunu pozduğu” fikrinə meydan oxuyur. Əvvəlki araşdırmalarda, telefon ekranlarından yayılan mavi işığın melatonin istehsalını azaltdığı və yuxu keyfiyyətini pisləşdirdiyi iddia edilirdi.
Tədqiqatın həmmüəllifi, Toronto Metropolitan Universitetinin Yuxu və Depressiya Laboratoriyasının direktoru Kollin Karni bu yanaşmanın birmənalı olmadığını bildirir. Onun fikrincə, yaş, zamanlama və mavi işığa məruz qalma dərəcəsi əvvəlki işlərdə kifayət qədər nəzərə alınmayıb: "Erkən yaş dövrlərində, xüsusən yeniyetmələrdə axşam saatlarında mavi işığa çox məruz qalmaq mənfi təsir göstərə bilər, çünki bu dövrdə işığa həssaslıq artır. Lakin yaş artdıqca bu həssaslıq azalır".
Alimlər bildirirlər ki, böyüklərin yuxu sağlamlığı yalnız cihazı nə vaxt istifadə etmələrindən deyil, həm də necə istifadə etmələrindən asılıdır. Məsələn, bəzi tətbiqlər rahatlamağa kömək edə bilər, lakin stress və ya narahatlıq yaradan məzmunlar yuxu prosesini poza bilər. Bu isə ekran istifadəsi ilə yuxu sağlamlığı arasındakı əlaqənin sadə bir səbəblə izah oluna bilməyəcəyini göstərir.
Tədqiqatçılar bu əlaqənin tam anlaşılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayırlar. Dr. Karni böyüklərə bu təsiri şəxsi təcrübə ilə sınaqdan keçirməyi məsləhət görür: bir həftə ərzində adi yuxu rejimlərini müşahidə etdikdən sonra, növbəti həftə yatmazdan ən azı bir saat əvvəl cihaz istifadə etməməyə cəhd etmək mümkündür.
Karni əlavə edir: "Əgər cihazdan daha erkən uzaqlaşmaq daha yaxşı yatmağınıza və özünüzü daha gümrah hiss etməyinizə kömək edirsə, bunu yeni bir vərdişə çevirin. Əks halda, cihaz istifadəsinin düşündüyünüz qədər problem yaratmadığı qənaətinə gələ bilərsiniz". \\Qaynarinfo
