Saat:16:02
Haqqımızda

UŞAQLARI SAYIB, SONRA PUL VERİRLƏR... – Ölkədə 5 uşağı olan ailə niyə dövlət dəstəyindən kənarda qalıb?

2025-11-21 10:16:00

UŞAQLARI SAYIB, SONRA PUL VERİRLƏR... – Ölkədə 5 uşağı olan ailə niyə dövlət dəstəyindən kənarda qalıb?

Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər uşağa görə 140 manat müavinət verilir. Yəni, 6 və daha çox uşağı olanlar bu müavinəti ala bilər.

Amma 5 uşaqlı ailə bunu ala bilməz. Niyə ala bilməz, bu barədə hər hansı ağlabatan izahat yoxdur. Bu yanaşma hədsiz dərəcədə ədalətsizdir. Dövlət çoxuşaqlı ailənin sosial dəstəyə ehtiyacı olduğunu qəbul edir, amma say limiti qoyur.

Əvvəla, müavinət saya görə qoyula bilməz, bəlkə 5, 4, hətta 3 uşaqlı ailənin gəlirləri 6 uşaqlıdan daha azdır?

Ədalətli yanaşma bütün uşaqlara görə müavinət verilməsidir, çünki dövlət uşaqların sağlam böyüməsi, inkişafı üçün öz dəstəyini göstərməlidir, bu, onun borcudur. Təəssüf ki, Azərbaycanda bu yük əsasən valideynlərin üzərindədir. Əgər iddia olunduğu kimi, bütün uşaqlara müavinət verməyə dövlətin imkanı yoxdursa (hərçənd ki, absurd arqumentdir), müavinət 3 uşaqlı ailələrdən başlamalıdır. Çünki hazırki şərtlərdə 3 uşaq böyütmək kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Belə ki, gələn il uşaqlar üçün yaşayış minimumu 260 manat nəzərdə tutulub. Əlbəttə, çox azdır, müstəqil ekspertlərin hesablamalarına görə, 1 uşağın aylıq xərci bundan təxminən 2 dəfə çoxdur.

Tutaq ki, rəsmi göstərilən 260 manat doğrudur, o zaman 260 x 3 = 780 manat edir. Ailə valideynlərlə bərabər 5 nəfərdən ibarətdir. Gələn il əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 317 manat olacaq. O zaman 317 x 2 = 634 manat xərc də bu rəqəmin üstünə gəlir. Beləliklə, dövlətin hesabı ilə götürsək, 780+634=1514 manat bir ailənin ən minimum xərcidir.

Bəs Azərbaycanda orta aylıq maaş bu xərci ödəyirmi? Xeyr! Çünki ölkədə orta əməkhaqqı 1100 manat civarındadır. Amma muzdla çalışan əhalinin azı üçdə ikisi bu qədər qazanmr. Ölkədə median əməkhaqqı 550-600 manat civarındadır. Məsələn, bir müəllim ailəsi, əgər evdə 1 nəfər işləyirsə, 900 manata qədər maaş ala bilər. Deməli, müəllim işləyib qazandığı pulla 3 uşaq böyüdə bilməz. Əgər ailədə 2 nəfər işləyirsə, 1515 manatlıq xərci zorla ödəyər. Təbii ki, 3 nəfərlik ailənin xərci şəhərdə 2000 manatdan yüksəkdir. Kəndə də bir az aşağı rəqəm ola bilər.

İndi gəlin, dövlətin müavinət vermədiyi 5 uşaqlı ailənin xərcini hesablayaq: 260 x 5=1300 manat. İki valideynin xərci də 634 manat, onları toplayanda 1934 manat edir. Azərbaycanda bu qədər gəliri olan neçə 5 uşaqlı ailə ola bilər? Bu barədə hər hansı statistika yoxdur. Amma uşaqların sayına görə ailələrin statistikası var: 3 uşaqlı ailələr ölkədə kifayət qədər geniş yayılıb - təxminən 256 min ailə bu kateqoriyadadır.

4 və daha çox uşaqlı ailələr nisbətən azdır (Statistika Komitəsinin məlumatında 8,2 % olaraq göstərilir), amma “4 və daha çox” kateqoriyasında 110 470 ailə olduğu bildirilir. Yəni, bura 4 və 5 uşaqlı ailələr daxidlir.

6 uşaqlı ailələrin sayına gəlincə, 9 332 ailə 6 uşağa görə müavinət alır. Statistika da göstərir ki, ölkədə say limiti qoyulduğuna görə on minlərlə ailə ehtiyacı olduğu halda müavinət ala bilmir. Bu ailələrin əksəriyyətinin sosial durumu yoxsulluq həddindədir, dövlət dəstəyindən məhrum edilmələri isə mənəvi, psixoloji əzabdır.

Bu yanaşma ədalətsiz olmaqla bərabər vətəndaşların Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasıdır. Bu problemi aradan qaldırmaq üçün yanaşma kökündən dəyişdirilməlidir, ailələrin maddi gəlirlərinə görə orada böyüyən uşaqlara müavinət təyin edilməlidir.

AzPolitika.info