Uşaqlar arasında yayılan bu xəstəlik ürəyi və böyrəyi zədələyə bilər - XƏBƏRDARLIQ
“Əgər uşaqda təkrarlanan hərarət, halsızlıq, boğaz ağrısı, dəridə (üzdə, boyunda, sinədə, qollarda) solğun ya tünd dəri fonunda xırda səpkilər varsa, dili ərplidirsə (deyilsə də), boğazda yuxarıya istiqamətli qızartı varsa, skarlatina ola bilər”.
Bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, təsdiq üçün əsnəkdən götürülən yaxma analizi kifayətdir:
“Ekspres testlə 15-20 dəq ərzində cavab hazır olur. Ola bilər, sizə desinlər ki, uşaq analizə ac gəlsin, su da içməsin, amma bu, mütləq deyil. Mikrob varsa, yemək-içmək onu azalda ya da təmizləyə bilməz. Ancaq siz deyin ki, uşaq su da içməyib. Nümunə yaxşı götürülsə, test pozitiv olacaq. Əsas odur ki, uşaq başını geri çəkməsin.
Əgər uşaq elə bircə dəfə qızdırıb, sonradan isə dərisi pörtmüş kimi səpirsə, digər əlamətləri görməsəniz də, həkimə bu haqda bildirin. Çünki müalicəsiz qalmış skarlatina ürəyi və böyrəyi zədələyə bilər.
Sonradan (7-10 gün sonra) uşağın əllərində soyulma görürsünüzsə, bu, uşağın skarlatina keçirmə ehtimalını yüksəldir”.
Həkimin sözlərinə görə, skarlatinadan sonra uşaqlar bəzi yoxlanışlardan keçməlidir:
“Əlbəttə, gecikmiş formada edəcəyimiz ilk iş ürəyin qapaqlarını yoxlamaq üçün uşağı exo-kq müayinəsinə göndərməkdir. Exo-kq müayinəsi skarlatinadan sonra həmişə lazımdır. Bununla yanaşı, sidiyin ümumi analizini də yoxlaya bilərik.
Çox yaxşı olar ki, vaxtında diaqnoz qoyulsun və elə ilk gündən antibiotik verilsin. Çünki skarlatina törədicisi virus deyil, bir mikrobdur (Streptokokkus pyogenes) və onun fəsadlarını antibiotiklə önləyə bilərik. Ancaq bu, 100% deyil. Yəni fəsad antibiotik təyin olunsa da yarana bilir. Valideynlərdən tələbimiz budur ki, antibiotiki 3 və ya 5 gün yox, təyin olunduğu müddətdə tətbiq etsinlər.
Bu xəstəlikdə xüsusi pəhriz lazım deyil. Yoluxucudur, başqa uşaqlara da keçə bilər. Uşaq 1 həftə evdə qalsa, bəsdir. Skarlatinada immunitet yaranmır, təkrar yoluxma mümkündür, peyvəndi yoxdur”.\\Ölkə.Az
