"Türkiyə hər şeyə hazırdır və ehtiyat planı var, amma ..." - Turan Rzayevin şərhində
Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən – Afrin, Rasulayn və Hələbin şimalından Suriyaya daxil olub. Hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Deyr əz-Zor bölgəsinə artilleriya və PUA ilə dəstəklənən əlavə qüvvələr göndərib.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.
Türk ordusunun gecə saatlarında Suriyaya üç istiqamətdən daxil olması geniş müzakirələrə səbəb olub. Türkiyə KİV hərbi dəstələrin Dəməşq hökumətinə dəstək məqsədilə göndərildiyini, lakin həm də Suriya Demokratik Qüvvələrinə (SDQ) gözdağı olduğunu yazır.
Məlumata görə, SDQ-nin baş komandanı Mazlum Abdi bir müddət əvvəl “100 min nəfərlik ordumuz var, Türkiyəni Vyetnama çevirərik”, – deyə təhdidlər səsləndirib. Hakim Ədalət və İnkişaf Partiyasının üzvlərindən Şamil Təyyar isə Türk ordusunun Suriyaya göndərilməsinin təşkilata və Abdinin sözlərinə açıq cavab olduğunu bildirib.
Təyyar təşkilatın liderinə müraciət edərək, “10 mart razılaşmasına əməl etməyəcəkləri təqdirdə, haranın Vyetnama çevriləcəyini görəcəklər. 100 minlik orduları yoxdur, sadəcə 20 minə yaxın adamları var. Muzdluları çıxsaq, cəmi 7 minlik qüvvələri qalır”, – deyib.
KİV-lər isə yazır ki, SDQ Suriya hökumətində təmsil olunmaq istəsə də, nə Ankara, nə də Dəməşq bunu qəbul edir. Hazırda təşkilatın özünü ləğv etməsi gözlənilir. Bu addım atılmasa, Suriya və Türkiyə birlikdə SDQ-nə qarşı əməliyyat keçirəcəklər. Mövcud vəziyyətdə bu istiqamətdə hazırlıqlar görülür.
Aydın məsələdir ki, SDQ-nin gücü Abdi iddia etdiyi qədər deyil. Türk ordusunun mövcud imkanları ilə müqayisədə təşkilatın uzunmüddətli müqavimət göstərməsi real görünmür. Lakin buna baxmayaraq, Mazlum Abdinin belə cəsarətli addım atması səbəbsiz deyil:
Birincisi, Mazlum Abdi və SDQ kimi qurumlar reallıqda öz güclərinin məhdud olduğunu çox yaxşı bilirlər. Amma açıq şəkildə zəiflik göstərmək onlar üçün təhlükəlidir. Həm öz döyüşçüləri, həm də onları dəstəkləyən xarici tərəflər qarşısında “güclü görünmək” bir növ zərurətə çevrilir. Əgər lider “biz zəifik” desə, təşkilatın içində motivasiya çökər, kənardan dəstək azalar, siyasi mövqeləri tamamilə sıradan çıxar.
İkincisi, bu kimi açıqlamaların məqsədi bir çox halda qarşı tərəfə psixoloji təzyiq göstərməkdir. Siyasətdə tez-tez belə olur. Tərəflər öz imkanlarını şişirdir, güc balansını olduğundan fərqli göstərməyə çalışırlar ki, qarşı tərəf addım atmazdan əvvəl iki dəfə düşünsün. Bu, “gərginlik yaradan sözlərlə vaxt qazanmaq” taktikasıdır.
Üçüncüsü, belə bəyanatlar beynəlxalq ictimaiyyətə də mesajdır. Əslində, elə ən böyük səbəb məhz budur. SDQ, “bizi vurmaq asan olmayacaq”, – deməklə həm Qərb dövlətlərinə, həm də bölgədəki digər oyunçulara, “bizim arxamızda durmasanız, böyük müharibə başlayar”, – siqnalı ötürmək istəyir. Yəni bu, daha çox siyasi manipulyasiyadır.
Həm Ankara, həm də Dəməşqin SDQ-ni siyasi prosesə buraxmaq istəməməsi başa düşülən və yerində qərardır. Sözügedən məsələ təşkilatın gələcəyini daha da qeyri-müəyyən edir. Ona görə də təşkilatın özünü ləğv edəcəyi ehtimalı artıq açıq şəkildə müzakirə olunur. Əgər belə bir hal yaşanmasa, Türkiyə və Suriya ordularının birlikdə əməliyyata başlaması real ssenari kimi gündəmə gəlir. Lakin bu, elə də asan bir şey deyil.
Ankara üçün əsas problem SDQ-nin ABŞ və İsrailin dəstəyi altında olmasıdır. Ona görə də, Türkiyə açıq əməliyyat aparmazdan əvvəl çox diqqətli davranmalıdır. Ankaranın mövqeyi belədir ki, SDQ razılaşmalara əməl etmir və təhlükə yaradırsa, hərbi variant mümkün ola bilər. Amma real vəziyyət Türkiyənin bunu yalnız son çarə kimi istifadə edəcəyini göstərir.
Müdaxilənin baş verməsi halında, Ankaranın həm beynəlxalq reaksiyalar, həm də bölgədəki digər güclərin mövqeyi ilə qarşı-qarşıya gəlməsi mümkündür. Belə bir vəziyyət ölkəyə əlavə problemlər yaradacaq. Digər tərəfdən, həmin güclər elə SDQ-nə dəstəyi artırıb daha da gücləndirə bilər.
Hesab edirəm ki, Türkiyə hər şeyə hazırdır və ehtiyat planı var, amma hələlik sözlə xəbərdarlıq edir. Müdaxilə qərarı isə yalnız SDQ ciddi təhdid yaratdığı halda veriləcək.
