Saat:22:48
Haqqımızda

Turab Rzayev: “İsrailin Suriyada Türkiyə ilə toqquşma ehtimalı var”

2025-12-12 20:55:47

Turab Rzayev: “İsrailin Suriyada Türkiyə ilə toqquşma ehtimalı var”

“Düşünürəm ki, burada iki əsas məsələ müzakirə olunacaq. Bunlardan biri Türkiyənin YPG/PYD-yə qarşı başladığı əməliyyat ola bilər”. 

Politoloq Turab Rzayev Hurriyyet.az-a ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tomas Barakın gələn həftə İsrailə nəzərdə tutulan səfəri ilə bağlı mövqeyini bölüşüb.
“Çünki bilirsiniz ki, Türkiyə artıq açıq şəkildə PKK-nın Suriya qoluna qarşı, yəni YPG/PYD-yə qarşı əməliyyatlara başlayacağını bildirib və hətta onların Türkiyəyə qarşı “Vyetnam yaşadarıq”kimi ittihamlarına açıq şəkildə cavab verib ki, “orada cəmi 30 min əsgər var və onun 7 mini öz əsgərləridir, qalanı muzdlulardır”. Türkiyə hücuma başlayan kimi, oradakı muzdlular, ərəb tayfaları, əşirətləri öz dəstələrini çəkəcəklər, çoxu da qaçacaq və orada çox az dəstə qalacaq. Digər tərəfdən, orada onların Fransanın arxitekturası ilə tikdikləri yeraltı tunellər, yeraltı silah anbarlarına qarşı Türkiyədə artıq döyüş təcrübəsi var. İstər Afrində, istər Təll-Abyadda Türkiyə bunlara qarşı döyüşdə kifayət qədər təcrübə əldə edib”,-deyə politoloq əlavə edib.
T.Rzayevin sözlərinə görə, başqa bir məsələ ondan ibarətdir ki, onları əsasən müdafiə edən ABŞ-ın da qüvvələri azalıb: “ABŞ-ın baza sayı həddindən artıq azalıb, 3 min əsgər əvəzinə, bölgədə cəmi 800 əsgəri qalıb. Ona görə, onların Türk ordusuna müqavimət göstərmək cəsarəti yoxdur. Türkiyə ordusunun hücumu Suriya mərkəzi hökumətini də ürəkləndirəcək ki, onlar var gücləri ilə hücum etsinlər və məcbur şəkildə YPG və PYD-ni ləğv etsinlər. Necə ki, Türkiyə öz ərazisində PKK-nın ləğvi ilə bağlı elan verib və indi də orada YPG və PYD-ni, yəni PKK-nın Suriya qolunu da ləğv edəcək. Türkiyə bunda israrlı görünür”. 
“Biz düşünürük ki, buna qarşı yəqin ki, əsas müqavimət İsraildən gələcək. Avropa İttifaqı ölkələrinin də buna qarşı açıqlamaları olacaq. Amma Türkiyə onları ciddi qəbul etmir. Çünki onların bölgəyə ciddi təsiri olduqlarını düşünmür. Amma İsrailin belə bir imkanları var, İsrailə qarşı hərbi əməliyyatlar aparılır və burada Türkiyə ilə toqquşma ehtimalı var. Birinci məsələ budur”,-deyə politoloq nəzərə çatdırıb.
İkinci məsələnin Qəzzada Türk ordusunun olması ilə bağlı olduğunu qeyd edən T.Rzayev deyib ki, Türk ordusunun orada olması faktiki olaraq müharibənin bitməsi demək olacaq: “Amma Türk ordusu olmadan, mən düşünürəm ki, orada biz münaqişənin tam olaraq bitməsinin şahidi olmaya bilərik. Çünki faktiki olaraq hər hansı ikinci, üçüncü dərəcəli dövlət olsa, İsrail onun oradakı hüquqlarını da nəzərə almayacaq. Necə ki, arada bufer zonası olmasına baxmayaraq, o zonanı da işğal edib, keçib Suriya ərazilərinə daxil olub. Fakt odur ki, BMT ordusunu, BMT mandatını saya almadı. Ona görə də Türk ordusu olmadan, Qəzzada daimi sülh olacağını düşünmürük. Ərdoğan bununla bağlı bu yaxınlarda çox ağır açıqlama verdi, dedi ki, “heç kəs yenidən Qəzzada soyqırım dövrünə, əhalinin kütləvi qırılması dövrünə qayıda biləcəyini düşünməsin, əgər belə bir şeyə başlasalar, bunun çox ağır cavabı olacaq”. Düşünürəm ki, ABŞ tərəfi Türkiyənin Qəzzada yerləşməsi və yenidən orada soyqırım dövrünə qayıdılmaması kimi, məsələləri müzakirə etmək üçün ora gedəcək”.

 

CAVİD