Trampın adı və fotoları “Epşteyn işi”ndən silinib – Klinton ön plandadır
ABŞ Ədliyyə Nazirliyi maliyyəçi və məhkum olunmuş seksual cinayətkar Ceffri Epşteynlə bağlı minlərlə sənədi açıqlayıb.
Sənədlər ciddi şəkildə redaktə edilib. Materiallarda ABŞ Prezidenti Donald Tramp barədə demək olar ki, heç bir məlumat yer almayıb, buna qarşılıq Demokrat Partiyasından olan sabiq prezident Bill Klintonun adı və fotoları geniş şəkildə əksini tapıb.
Bu məqam diqqət çəkir, çünki son illərdə açıqlanan Epşteyn materiallarında Trampın adı dəfələrlə uçuş siyahılarında və müxtəlif sənədlərdə yer almışdı. Məsələn, fevral ayında dərc edilən ilk sənədlər paketində Trampın Epşteynin şəxsi təyyarəsinin sərnişin siyahılarında adı qeyd olunmuşdu.
Sənədlərin qismən açıqlanması Konqresin noyabr ayında böyük səs çoxluğu ilə qəbul etdiyi və Epşteynə dair bütün materialların dərcini tələb edən qanunun icrası ilə əlaqədardır. Bildirilir ki, Tramp administrasiyası aylarla sənədlərin gizli saxlanmasına çalışsa da, qanunverici orqan hökuməti buna məcbur edib. Epşteyn qalmaqalı isə Tramp üçün siyasi baxımdan “öz-özünə vurulan zərbə” kimi qiymətləndirilir. Çünki o, illər boyu Epşteynlə bağlı müxtəlif sui-qəsd nəzəriyyələrini tərəfdarları arasında yaymışdı.
Ədliyyə Nazirliyi qeyd edib ki, açıqlanan sənədlərin böyük hissəsi Epşteynin 2019-cu ildə həbsxanada ölməsindən sonra artıq ictimaiyyətə təqdim olunmuş materiallardır. Bir çox sənəd demək olar ki, tam şəkildə qara rənglə örtülüb və bəzi, 100 səhifədən artıq fayllarda oxuna bilən məlumat qalmayıb. Nazirlik əlavə edib ki, yüz minlərlə səhifə hələ də nəzərdən keçirilir və gələcəkdə yeni açıqlamalar mümkündür.

Açıqlanan materiallara Epşteynlə bağlı bir neçə istintaqdan sübutlar və Bill Klintonun müxtəlif fotoları daxildir. Buna baxmayaraq, Tramp və Epşteynin 1990–2000-ci illərdə ictimaiyyətə məlum olan yaxın münasibətlərinə rəğmən, yeni sənədlərdə Trampa dair məlumatlar və fotolar demək olar ki, yer almayıb. Qeyd olunur ki, Tramp Epşteynin cinayətlərindən xəbərdar olduğunu inkar edib və ona qarşı hər hansı hüquqi ittiham irəli sürülməyib.
Ədliyyə Nazirliyinin iki sözçüsü sosial şəbəkələrdə Klintonun Epşteynin qurbanları ilə birgə olduğunu iddia etdikləri fotolar paylaşıb. Buna cavab olaraq, Bill Klintonun aparat rəhbərinin müavini Anxel Urena bildirib ki, Ağ Ev diqqəti özündən yayındırmaq üçün keçmiş prezidenti hədəfə alır.
“İstədikləri qədər keyfiyyətsiz və 20 ildən artıq yaşı olan fotolar yaya bilərlər, amma bu məsələ Bill Klintonla bağlı deyil”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Tramp ötən ay Ədliyyə Nazirliyinə Klintonun Epşteynlə əlaqələrinin araşdırılması barədə göstəriş vermişdi. Tənqidçilər bu addımı Trampın özünün Epşteynlə münasibətlərindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirirlər.
Açıqlanan fotolarda Klintonun Ghislaine Maxwell ilə hovuzda, eləcə də digər şəxslərlə birlikdə isti vannada olduğu görünür. Klinton daha əvvəl Epşteynlə sosial əlaqələrinə görə peşman olduğunu bildirib və hər hansı cinayət fəaliyyəti barədə məlumatı olmadığını deyib.
ABŞ baş prokurorunun müavini Todd Blanş Konqresə ünvanladığı məktubda sənədlərdə adı keçən 1 200-dən çox qurbanın və onların ailə üzvlərinin adlarının məxfilik səbəbilə redaktə edildiyini açıqlayıb.
Ağ Ev sənədlərin dərcini “şəffaflığın və ədalətə sadiqliyin sübutu” kimi təqdim edib və əvvəlki Demokrat administrasiyalarını bu məsələdə passivlikdə ittiham edib. Lakin bəyanatda sənədlərin yalnız Konqresin təzyiqi nəticəsində açıqlanması faktına toxunulmayıb.
Bəzi konqresmenlər sənədlərin natamam açıqlanmasını sərt tənqid ediblər. Senatda demokratların lideri Çak Şumer yayılan materialların mövcud sübutların yalnız kiçik bir hissəsi olduğunu bildirib. Respublikaçı konqresmen Tomas Massi isə bu addımı “qanunun həm ruhuna, həm də mətninə zidd” adlandırıb.
Məsələ Tramp elektoratı arasında da narazılıq yaradıb. Reuters/Ipsos sorğusuna əsasən, respublikaçıların cəmi 44 faizi Trampın Epşteyn işi ilə bağlı mövqeyini bəyənir. Bu göstərici onun partiya daxilindəki ümumi reytinqindən xeyli aşağıdır və 2026-cı il Konqres seçkiləri ərəfəsində Tramp üçün əlavə risklər yaradır.
AzPolitika.info
