Saat:21:22
Haqqımızda

"Tramp Kim Çenlə görüşə hazırdır"

2025-10-01 16:20:35

Hurriyyet.az xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın lideri Kim Çen In ilə görüşə hazır olduğunu bəyan edib. Tramp heç bir ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır. 
"Yonhap" agentliyinin Ağ Evin əməkdaşına istinadla verdiyi məlumatda deyilir: "Tramp ilk prezidentliyi dövründə KXDR lideri ilə üç dəfə görüşüb və bu Koreya yarımadasında vəziyyətin sabitləşməsinə səbəb olub".
Agentliyə məlumat verən mənbənin sözlərinə görə, o zamandan bəri Birləşmiş Ştatların Şimali Koreyaya qarşı siyasəti dəyişməyib. Prezident Tramp heç bir ilkin şərt qoyulmadan Kim Çenlə danışıqlar aparmağa hazırdır.
Bundan əvvəl Cənubi Koreya rəsmisi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək sammiti zamanı Donald Tramp ilə Kim Çen Inın görüşünün mümkünlüyünü istisna etməyib. Sammiti oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın cənub-şərqində keçiriləcək. Cənubi Koreya mediası Trampın 2019-cu ildə olduğu kimi, bu dəfə də Cənubi Koreya-Şimali Koreya sərhədində Kim Çen Inla görüşə biləcəyi ehtimalını irəli sürür.
Şimali Koreya lideri Kim Çen In Ali Xalq Assambleyasının  sentyabrın 20-21-də keçirilən növbəti sessiyası zamanı bəyan edib ki, ABŞ Prezidenti Donald Trampla şəxsi təmasları ona Ağ Ev rəhbəri ilə bağlı “yaxşı xatirələr” qoyub. Donald Tramp avqustun 25-də, Cənubi Koreya prezidenti ilə görüşü zamanı bu il ərzində Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşmək istədiyini bildirib.
Hürr Tərcüman