Saat:01:56
Haqqımızda

Təyyarənin bu hissəsində səsimizi yazan cihaz var imiş — Sirli qutu ilə bağlı FAKTLAR

2025-11-15 23:28:27

Təyyarənin bu hissəsində səsimizi yazan cihaz var imiş   —  Sirli qutu ilə bağlı FAKTLAR

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycandan Türkiyəyə qayıdan C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.Qəza edən təyyarənin qara qutusu Türkiyəyə aparılıb və araşdırmalar davam etdirilir.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəza ilə bağlı açıqlamasında bildirib.Qəzanın baş vermə səbəblərinin araşdırılması üçün “Qara qutunun” əhəmiyyəti böyükdür.
Qeyd etmək lazımdır ki,ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında“AZAL”a məxsus "Embraer E190AR" təyyarəsi qəzaya uğramışdı. Qəzanın hansı səbəbə görə baş verdiyinin açıqlanması üçün təyyarənin “Qara qutusunun” oxunması prosesinə Azərbaycan, Rusiya və Brazilyadan olan mütəxəssislər cəlb olunmuşdu.



İnsanları maraqlandıran məqam isə “Qara qutunun” nə olmasıdır. Bəs  “Qara qutu” nədir, hansı funksiyaları yerinə yetirir?
Hurriyyet.az bildirir ki, Oxu24.com bununla bağlı araşdırma aparıb.
"Qara qutu"hər bir hava vasitəsində olması vacib olan uçuş məlumatlarını yazan bir cihazdır. Bütün uçuş məlumatları xüsusi alqoritmlə qara qutuya qeyd olunur. 
Qara qutu qəzaların səbəblərini aydınlaşdırmağa və onların qarşısının alınması yollarını tapmağa kömək edir. Qara qutuda təyyarə ilə bağlı hər cür məlumat və söhbətlər saxlanılır. Pilotların danışıqları qara qutuya yazılır. Beləliklə, tədqiqatçılar pilotların son söhbətlərini dinləyə bilərlər.“Qara qutu” adından göründüyü kimi qara deyil, narıncı rəngdədir. "Qara qutu" termini İkinci Dünya Müharibəsi zamanı qara metal qutulara yerləşdirilmiş həssas təyyarə komponentləri üçün jarqon kimi yaranıb və daha sonra uçuş yazıcılarına tətbiq edilib. Qara qutunun yarandığı ilk dövrlərdə, yəni 1950-ci illərdə qutu həqiqətən də qara rəngdə idi. Lakin daha sonralar qəza baş verərkən qutunun təyyarənin qalıqları arasından müəyyən edilməsi çətin olduğu üçün onu parlaq narıncı rəngə boyamağa başladılar.“Qara”sözünün daha məcazi bir mənası da var: qaranlıq, sirri ehtiva edir.Qara qutu təyyarənin quyruq hissəsində yerləşdirilir. Çünki, təyyarənin bu hissəsi zədələnməyə daha az həssasdır.



Bəs bir təyyarədə neçə qara qutu var?
Təyyarələrdə məlumatın itirilməməsini təmin etmək üçün birdən çox qutu yerləşdirilə bilər.Hər birimizə maraqlı olan digər sual isə qara qutunun nə üçün məhv olmamasıdır. Qara qutular qəza zamanı təyyarədən sağ çıxmaq üçün nəzərdə tutulub. Qutunun divarları titan və poladdan hazırlanıb və forması silindrik və ya sferikdir.Həmçinin qeyd edək ki, “Qara qutu" xüsusi avadanlıqlar vasitəsilə oxunur.Bu, iki əsas hissədən ibarətdir: uçuş məlumatlarının qeyd edilməsi (FDR) və kokpit danışıqlarının qeyd edilməsi (CVR). Qəza zamanı sağ qalan bu iki hissənin məlumatları xüsusi cihazlarla təhlil edilir və qəzanın səbəbləri müəyyən edilir”.

Çimnaz Telmanqızı