Sumqayıtın 17-ci mikrorayonunda bina qəzalı vəziyyətdədir: Sakinlər həyati təhlükədən narahatdır FOTOLAR
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, bina 36-nın sakinləri tikilinin ciddi qəzalı vəziyyətdə olduğunu bildirirlər.
Hurriyyet.Az xəbər verir ki, sakinlərin Xeberle.com-a bildirdiyinə görə, binanın yanından keçərkən daşların tökülməsi artıq adi hala çevrilib və bu, həm piyadalar, həm də binada yaşayanlar üçün real təhlükə yaradır.
Məlumata görə, binanın 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər uzanan iri çat mövcuddur. Çatın yuxarı mərtəbələrdə daha çox aralandığı, hətta binanın iki yerə bölünmüş kimi göründüyü qeyd olunur. Sakinlər bildirirlər ki, pilləkən qəfəsində uşaqlar qaçanda titrəyiş hiss edilir və divar daşlarının qırılıb tökülməsi tez-tez baş verir.
Layihəyə əsasən binada dörd çıxış nəzərdə tutulsa da, onlardan ikisi bağlanıb. Bu isə yanğın və ya zəlzələ kimi fövqəladə hallar zamanı insanların təxliyəsini çətinləşdirəcək ciddi təhlükəsizlik problemi yaradır.
Sakinlər məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin obyektə baxış keçirərək rəy verməsini, binanın faktiki vəziyyətinin qiymətləndirilməsini və təhlükənin aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.





