Sənətçilərdən nazirliyinin əməkdaşı barədə açıq müraciət: “Məsuliyyət onun üzərindədir...”
Bir qrup tanınmış sənət adamı - Almaxanım Əhmədli, Təranə Mahmudova, Şəhriyar Musayev və Nura (Aynurə) Suri – Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı ictimaiyyətə açıq müraciət ünvanlayıblar.
Hurriyyet.az xəbər verir ki, müraciət müəlliflərinin iddiasına görə, onlar tərəfindən səsləndirilmiş açıqlamalardan sonra "potensial risklərlə bağlı" narahatlıq yaranıb və baş verə biləcək istənilən neqativ hal üçün məsuliyyətin həmin şəxs üzərinə düşdüyü bildirilir.
Müraciətdə deyilir:
“Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və digər sahələrdə baş verə biləcək hər hansı neqativ və ya zərər verə biləcək hadisəyə görə bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk".
Sənət adamları həmçinin qeyd ediblər ki, həmin şəxsin “müxtəlif qurumlarla geniş əlaqələrinin olması” onların ailə üzvlərində narahatlıq yaradıb. Müraciətin məqsədi bu narahatlığın rəsmi şəkildə qeydə alınması və “mümkün risklərin əvvəlcədən elan olunması” kimi təqdim edilir.
Mədəniyyət Nazirliyi və Mənzər Nurəliyevanın özü hələlik müraciətdə səsləndirilən iddialara münasibət bildirməyib.
AzPolitika.info
