Səbinə Əliyeva Ombudsmanın xüsusi təqaüdünü qazanmış tələbələrlə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün Ombudsmanın xüsusi təqaüdünü qazanmış Sevil Gülməliyeva və Nuray Hüseynli ilə görüş keçirib.
Yüksək akademik göstəricilərlə fərqlənmiş “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan tələbələrlə görüşdə Ombudsman Səbinə Əliyeva ölkəmizdə müxtəlif sahələrdə gənclərin uğurla fəaliyyət göstərmələri üçün imkanların yaradıldığını bildirib, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
.jpeg)
Səbinə Əliyeva gənclərin hüquqi maariflənməsinin, eləcə də onların bu sahədə təşəbbüskarlığının və biliklərinin dəstəklənməsinin Ombudsmanın fəaliyyətin prioritetlərindən olduğunu qeyd edib.
Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu, o cümlədən digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tanış olmağın əhəmiyyətini diqqətə çatdırıb.

S.Əliyeva tələbələrə Ombudsman təsisatının kitabxanasında yer alan hüquq ədəbiyyatından və digər nəşrlərdən istifadə etməyi də tövsiyə edib.
Ombudsman gənclərin elmi tədqiqat, sosial layihələr və ictimai fəaliyyətlərində aktiv iştirakının vacibliyini vurğulayaraq, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tələbələr göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
Hurriyyet.az
