Sakinlərin NƏZƏRİNƏ: Binalar bundan sonra bu normalara əsasən tikiləcək
"Son dövrlər tikinti normaları daha da sərtləşdirilib və bu istiqamətdə yeni tələblər qüvvəyə minib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qəbul edilən bu normativlər həm yeni tikililərə, həm də mövcud qaydalara edilən dəyişiklikləri əhatə edir".
Hurriyyet.Az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib.
"Yeni qərarlar hündürlüyü 75 metrə qədər olan binalara, 75 metrdən 200 metrə qədər olan tikililərə və 200 metrdən yüksək binalara şamil edilir. Məqsəd mümkün risklər və təbii fəlakətlər zamanı binaların dayanıqlığını təmin etmək, normativlərə əməl edildiyi halda tikililərin 7–8 ballıq zəlzələyə davamlı olmasına nail olmaqdır.
Sənəddə tikinti materiallarının düzgün seçilməsi, mühəndis və konstruktor hesablamalarının dəqiq aparılması, mərtəbələr üzrə bölgünün normativlərə uyğun həyata keçirilməsi, monolit kəmərlərin və armaturun daşıyıcı hissələrdə mütləq tətbiqi xüsusi vurğulanır".
O bildirib ki, layihələndirmə mərhələsində memar tərəfindən konstruktiv həll hazırlanır, geoloqlar ərazidə tədqiqat aparır, torpaq nümunələri götürülür, seysmoloji rəy əldə edilir və bundan sonra konstruktorlar xüsusi proqramlar vasitəsilə hesablamalar aparırlar:
"Hündürmərtəbəli binalar üçün yükün paylanması və ağırlıq trajektoriyası ayrıca nəzərə alınır.
Məlumdur ki, zəlzələ zamanı aşağı mərtəbələr daha az risk daşıyır, yuxarı mərtəbələrdə isə təhlükə artır. Yeni normativlər yuxarı mərtəbələrdə zərbənin düzgün paylanmasını, materialların sıxlığının və möhkəmliyinin təmin olunmasını hədəfləyir. Bu yanaşma tikililərin zədələnməsinin və dağılmasının qarşısını almağa xidmət edir.
Qaydalar tətbiq edildikdən sonra layihələr memarlıq baxımından dəqiqləşdirilir və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna rəy üçün təqdim olunur. Burada əsas diqqət daşıyıcı elementlərin yük funksiyasının və mərtəbələr arasında ağırlıq balansının düzgün qurulmasına yönəldilir".
Ekspert deyib ki, normativlərin əsas məqsədi çoxmərtəbəli binalarda konstruktiv dayanıqlığı artırmaq, torpaq hərəkəti zamanı üst mərtəbələrin zərbələrə daha davamlı olmasını təmin etməkdir:
"Bu sənəd müxtəlif konstruktiv sistemli binaların dağılmadan qorunması üçün tədbirlər planı rolunu oynayır.Binalar xüsusi proqramlar vasitəsilə mümkün dağılma ssenariləri üzrə yoxlanılır və bu testlərdən uğurla keçən layihələr təhlükəsiz hesab olunur. Yeni normativlər zəlzələ və digər təbii fəlakətlər zamanı xüsusilə paytaxtda daha möhkəm və etibarlı binaların inşasına imkan yaradacaq.Qeyd olunur ki, bu tələblər tikinti xərclərini və mənzil qiymətlərini artırsa da, vətəndaşların təhlükəsizliyi baxımından normativlərə əməl olunması son dərəcə vacibdir. Bu yanaşma əhalinin təbii fəlakətlərdən qorunması üçün müsbət və zəruri addım kimi qiymətləndirilir".
Əfsanə Kamal
