"Rusiyanın keçirdiyi əməliyyatlarda əslində Azərbaycanın ərazisi hədəfə alınır" - Əziz Əlibəyli
"Rusiyanın keçirdiyi əməliyyatlarda əslində Azərbaycanın ərazisi hədəfə alınır".
Hurriyyet.Az bildirir ki, bu fikri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi raket hücumunda Azərbaycan səfirliyinin binasının vurulmasına münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, Azərbaycan səfirliyi Azərbaycanın torpağının, suverenliyinin bir hissəsi sayılır:
"Rusiyanın bu addımları kövrək olan Rusiya-Azərbaycan münasibətlərinə yaxşı təsir göstərə bilməz. Belə hesab edirəm ki, bu prosesdə dəqiq bir strategiya hazırlanmalıdır. Təbii ki, Azərbaycan Rusiyaya müxtəlif kanallar vasitəsilə etirazını bildirməlidir. Artıq bildirdi də. Sizə açıqlama verəndə məlumatı gördüm ki, Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota verilib. Bunu Rusiya edəcəksə, davamında ciddi, adekvat cavablarla qarşılaşmalıdır. Hadisənin miqyası, təsiri, verilən mesajlar kifayət qədər başa düşüləndir. Bu səbəbdən Azərbaycan Prezident İlham Əliyev ilə Ukryana Prezidenti Volodimi Zelenski arasında telefon danışığı da oldu".
Aytəkin TOFİQQIZI
