Rusiyanın ilk insanabənzər robotu təqdimatda yıxıldı
Hurriyyet.az xəbər verir ki, Rusiyanın ilk insanabənzər robotu təqdimat mərasimində iki-üç addım atdıqdan sonra yıxılıb.
"Yeni Texnoloji Koalisiya" şirkəti tərəfindən hazırlanmış, Rusiyanın süni intellektə malik ilk insanabənzər robotu olan "Aidol"un Moskva şəhərində keçirilən təqdimat mərasimi uğursuz olub. Nümayiş zamanı robot "Rokki" filminin musiqisi altında bir neçə addım atdıqdan sonra tarazlığını itirərək yıxılıb.
Şirkətin baş direktoru Vladimir Vituxin cihazın əvvəllər müxtəlif şəraitdə sınaqlardan uğurla keçdiyini və yıxılmağın səbəbinin "elektrikin kəsilməsi" ola biləcəyini söyləyib. O, komandanın "səhvləri təhlil" edəcəyini qeyd edib.
"Aidol" sənayedə və xidmət sektorunda istifadə üçün nəzərdə tutulub. Tərtibatçıların iddiasına görə, onun hissələrinin 77%-i Rusiyada istehsal olunur və batareya ömrü altı saata çatır. Robot 12 emosiya ifadə edə və insanlarla qarşılıqlı münasibət qura bilir.
Hürr Tərcüman
