Rusiyada internetin kəsilməsi və kartların bloklanması: nağd pula keçilir
İnternetin kəsilməsi artıq Rusiyanın 50-dən çox regionunda hər gün müşahidə olunur.
Rusiyada dövriyyədə olan nağd pul kəskin şəkildə artıb. İyul–sentyabr aylarında nağd pulun həcmi 659 milyard rubl yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur.
Tribunainfo.az The Moscow Times-a istinadən yazır ki, daha böyük artım — 1,1 trilyon rubl — yalnız Ukraynada müharibənin ilk ilində, iqtisadi qeyri-müəyyənlik fonunda qeydə alınmışdı.
Mərkəzi Bank daha əvvəl bildirmişdi ki, ruslar may ayında Moskvadan başlayaraq baş verən mütəmadi internet kəsintilərinə görə bankomatlardan daha çox nağd pul çıxarmağa başlayıblar. Hazırda internet şatdaunları ölkənin 50-dən çox regionunda hər gün qeydə alınır.
Bundan əlavə, Ulyanovsk vilayətində mobil internet “müharibə bitənə qədər” tamamilə deaktiv edilib.
Finansist Olqa Belenkaya nəşrə bildirib ki, bu vəziyyət bir çox vətəndaş üçün “hər ehtimala qarşı” yanlarında müəyyən qədər nağd pul saxlamaq zərurətinə çevrilib. Onun sözlərinə görə, nağd pula tələbatın artmasının digər səbəbi bankların şübhəli əməliyyatlara nəzarəti gücləndirməsidir ki, bu da vətəndaşların kart və köçürmələrinin kütləvi şəkildə bloklanmasına gətirib çıxarır.
Rusiyada internet problemləri
Rusiyada mobil şəbəkələr onlarla regionda dron hücumlarının qarşısını almaq məqsədilə deaktiv edilir ki, bu da müharibənin nəticələrini əhali üçün daha hissedilən edir. Kütləvi internet kəsintələrinə görə yerli hakimiyyətlər ictimai Wi-Fi şəbəkələrinin sayını artırmağa, böyük şəhərlərdə yeni giriş nöqtələrinin interaktiv xəritələrini paylaşmağa başlayıb.
The New York Times yazır ki, Rusiya hakimiyyəti internet azadlığının məhdudlaşdırılmasını daha da gücləndirir — vətəndaşların xarici servislərə və qadağan olunmuş kontentə çıxış üçün istifadə etdiyi alternativ yollar bloklanır. Bundan başqa, YouTube kimi Amerika texnologiya şirkətlərinin xidmətlərinin işinə də maneələr yaradılır.
İmran Kərimli
