Rusiyada həkim tapılmır – Putin problemi sərt mexanizmlə həll etməyə çalışır
Rusiya Prezidenti Vladimir Putin ölkədə kəskin kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə tibbi təhsil və işə qəbul sistemində ciddi dəyişikliklər nəzərdə tutan yeni qanunu imzalayıb.
Hurriyyet.az xəbər verir ki, sənəd həm ordinatura tələbələrinə, həm də tibb universitetləri və kolleclərinin məzunlarına birbaşa təsir edəcək.
Qanuna əsasən, artıq büdcə hesabına ordinaturada oxuyan bütün tələbələr təhsil aldıqları müddətdə məcburi qaydada tibb müəssisələri ilə “hədəfli təhsil müqaviləsi” bağlamalı olacaqlar. Bu mexanizm məzunların həmin müəssisələrdə işləməsini şərtləndirir.
Müqaviləni pozan tələbə dövlətin onun təhsilinə çəkdiyi vəsaiti tam şəkildə geri ödəməyə, həmçinin əlavə cərimə ödəməyə məcbur olacaq. Müqavilə bağlamaq istəməyənlər isə yalnız yer olduğu halda təhsili ödənişli əsaslarla davam etdirə biləcəklər.
Qanun təkcə ordinatura tələbələrinə deyil, ali və orta tibb məktəblərinin məzunlarına da əlavə öhdəliklər yaradır. Səhiyyə Nazirliyi mentor nəzarəti tələb olunan ixtisasların siyahısını hazırlayacaq. Bu siyahıya daxil olan ixtisaslar üzrə təhsil alan məzunlar 3 ilə qədər təcrübəli həkimin rəhbərliyi altında işləməli olacaqlar.
Bu tələb həm büdcə, həm də ödənişli təhsil alanlara eyni qaydada şamil edilir. Mentor nəzarəti yalnız məcburi tibbi sığorta (OMS) sistemi çərçivəsində fəaliyyət göstərən tibb müəssisələrində tətbiq olunacaq. Səhiyyə Nazirliyi nəzarət müddətini ayrıca müəyyən etmək səlahiyyətinə malikdir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin açıqladığı rəqəmlər problemin miqyasını əks etdirir. Onun sözlərinə görə, Rusiyada 23,3 min həkim və 63,6 min orta tibb işçisi çatışmır.
Bundan əlavə, ölkənin 54 regionu tibbi kadr təminatı baxımından orta göstəricidən aşağı səviyyədədir. Bununla belə, parlament bu qanunun nəticəsində bölgələrə nə qədər həkimin göndəriləcəyi barədə məlumat açıqlamayıb.
AzPolitika.info
