Saat:13:52
Haqqımızda

Rusiya bu şəhəri itirdi: faciəvi durum, böyük itkilər var

2025-12-25 11:56:13

Rusiya bu şəhəri itirdi: faciəvi durum, böyük itkilər var

Kupyansk şəhəri və ətrafı hazırda Ukrayna ordusunun nəzarətindədir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya hərbi müxbirləri və kremlyönlü Teleqram kanalları məlumat yayıb.

“Kupyanskdakı vəziyyət əvvəllər gözləniləndən daha pis ola bilər. Gələn məlumatlara görə, düşmən (Ukrayna ordusu – red.) ehtiyat qüvvələri yeritmək və havadakı dronlarının sayını artırmaqla Moskovka, Sobolevka və Radkovkada uğur qazanıb. Düşmən bölmələrimizi əsas qüvvələrdən ayırmağa və cəbhədə vəziyyəti düzəltməyə çalışır”, - “Dva mayora” Teleqram kanalı yazıb.

Kanalın məlumatına görə, Kupyanskın ələ keçirilməsi ilə bağlı xəbərlərdən sonra Rusiya ordusunun bəzi bölmələri aktiv döyüş üçün ödənişlərin dayandırılması ilə üzləşib və ehtiyat qüvvələr digər ərazilərə köçürülüb, buna görə də qoşunlar hətta faktiki olaraq ələ keçirdikləri xətlərdə belə birləşə bilməyiblər:

“Yəni Kupyanskdakı informasiya və psixoloji əməliyyatla düşməni yox, özümüzü məğlub etdik”.

Digər hərbi Teleqram kanalı “Rıbar” da Kupyanskda vəziyyətin dəhşətli dərəcədə pis olduğunu yazıb:

“Bu yaxınlara qədər Rusiya ordusu Kupyansk rayonunda ələ keçirilmiş 11 kənddən yalnız üçünü (Kondraşovka, Radkovka və Moskva) faktiki olaraq nəzarətdə saxlayırdı. Ruslar artıq bu kəndlərə də nəzarəti itirib”.

“Voennıy Osvedomitel” Teleqram kanalı qeyd edib ki, Rusiya ordusu şəhəri tamamilə itirib:

“Amma hamı medal aldı. Görünür, gələcəkdə Kupyanskın üçüncü dəfə azad edilməsini gözləmək lazım gələcək”.

Kremlə yaxınlığı ilə bilinən “Kremlyovskaya Tabakerka” kanalı Müdafiə Nazirliyindəki mənbəyə istinadla yazıb ki, Kupyanskda vəziyyət faciəvidir, böyük itkilər var:

“İtkilər o həddədir ki, “xüsusi hərbi əməliyyat”ın əsas məqsədlərinə çatmaq artıq təhlükə altındadır. Məsələn, indi Donetski tamamilə azad etmək daha çətin olacaq”.