RUSİYA BANK BÖHRANI ƏRƏFƏSİNDƏ - Azərbaycana təsiri olacaqmı?
Ödənilməyən kreditlər artır, iqtisadiyyat yavaşlayır, sanksiyalar güclənir…
Ukraynada davam edən işğalçılıq müharibəsi Rusiyaya təkcə insan və hərbi güc itkisi deyil, həm də böyük iqtisadi itkilər hesabına başa gəlir. Kremli də ən çox narahat edən məhz budur…
Artıq Rusiya hökuməti Kreml təbliğatının və şəxsən Vladimir Putinin guya iqtisadiyyatda hər şeyin az qala əla olduğuna dair açıqlamalarına baxmayaraq, ölkə üçün getdikcə qaçılmaz hala gələn bank böhranına hazırlaşır. Bu barədə "The Washington Post" qəzeti də yazı dərc edib. Nəşr Rusiya hökumətindəki mənbələrinə istinadla yazıb ki, hökumətin fikrincə ödənilməyən kreditlərin durmadan, sürətlə artması, iqtisadiyyatın yavaşlaması və Qərb sanksiyalarının güclənməsi ilə ölkənin ən böyük neft şirkətlərinə zərbə vurulması ölkədə bank böhranını yaxınlaşdırır. Qəzetin yazdlığına görə, artıq hökumət bu böhrana hazırlaşmağa başlayıb.
Hökumətdəki mənbənin dediyinə görə, həm bank böhranı, həm də şirkətlərin bir-birinə ödəniş edə bilməməsindən irəli gələn ödəniş böhranı yaxınlaşır: "Bank böhranı realdır. Ödəniş böhranı realdır. Müharibənin davam etməsi və ya eskalasiya barədə düşünmək belə istəmirəm".

Məsələ ondadır ki, 2022-2024-cü illərdə istehsalın genişləndirilməsini maliyyələşdirmək üçün hərbi zavodlara nəhəng kreditlər verilib. İndi isə bu kreditləri qaytarmaqda böyük problemlər var və onlar bank sistemi üçün "saatlı bomba”ya çevrilib.
Rusiya Mərkəzi Bankının statistikasına görə, artıq bu kreditlər 202 milyard dollara çatıb.
“Bank of America”-nın keçmiş vitse-prezidenti və hazırda Harvarddakı Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin eksperti olan Kreyq Kennedinin də qeyd etdiyi kimi, “bu kreditlər Rusiya iqtisadiyyatının mərkəzində outran və pis idarə olunan kölgə borcudur”. Kennedinin sözlərinə görə, bu, mahiyyət etibarilə xəzinədarlıq tərəfindən rəsmi olaraq ayrılan 42 trilyon rubla (və ya 542 milyard dollara) əlavə olaraq müharibəyə xərclənən ikinci, gizli hərbi büdcədir.
Buna baxmayaraq, Rusiya Mərkəzi Bankı vəziyyəti ört-basdır edən statistika yaymağa üstünlük verir. Rəsmi statistikaya görə, vaxtı keçmiş(faktiki ödənməyən) korporativ kreditlərin payı cəmi 5%-dir. Lakin problemli borcun daha geniş göstəricisi əslində, 11%-i keçib və 10,4 trilyon rubla çatır. Bu, Moskvanın iki illik büdcəsi qədərdir. Mərkəzi Bank isə bu məbləği ödənə bilməyən borc kimi yox, restrukturizasiya olunan, yaxud şərtləri yumşaldılan borclar kimi göstərir ki, vəziyyətin acınacaqlı olduğunu gizlədə bilsin.
Bundan əlavə, təkcə hərbi zavodlar deyil, digər sahələrin də böyük və ödəyə bilmədiyi kreditləri var. Məsələn, Rusiya Mərkəzi Bankın məlumatına görə, bu il sanksiyalar və neft qiymətlərinin düşməsi nəticəsində zərər çəkən mədən və metal şirkətləri, eləcə də neft-qaz sektorunun borcları da restrukturizasiya tələb edir. Yəni, faktiki olaraq, borclarını ödəyə bilmirlər.

Rusiya Dəmir Yolları kimi böyük dövlət korporasiyaları da ödəniş problemləri ilə üzləşib. Bu il son 15 ildə Rusiyada yük daşımalarında ən kəskin azalma qeydə alınıb. Korporasiya xalis zərər etdiyini bəyan edib və banklardan 4 trilyon rubla çatan borcun restrukturizasiyasını, sadə dildə desək, bir növ təxirə salınmasını tələb edib.
Rusiya şirkətlərinin ümumilikdə faiz ödəmələri xeyli artıb və ağır yükə çevrilib. 2024-cü ildə şirkətlər banklara 11,5 trilyon rubl faiz ödəyiblər ki, bu da əvvəlki ildən 83% çoxdur. 2025-ci ildə isə onların faiz xərcləri daha 54% artaraq ilin birinci yarısında 7,5 trilyon rubla çatıb. Eyni zamanda, “Rosstat”-ın yanvar-sentyabr ayları üzrə məlumatlarına görə, iqtisadiyyatda xalis mənfəət ardıcıl ikinci ildir ki, 7,7% azalaraq 19,2 trilyon rubla çatıb. Hazırda Rusiyada kreditləri olan hər dörd şirkətdən biri borcunu gecikdirir.
Ümumilikdə 165.000 hüquqi şəxs borcunun ödənişini gecikdirir. Bu, müharibədən əvvəlki göstəricidən 100.000 çoxdur. Bu, həm də o deməkdir ki, həmin iri şirkətlərin maliyyə vəziyyəti getdikcə pisləşir, ixrac sənayesi xarici tələbatın və qiymətlərin azalması səbəbindən gəlirləri itirir. Rəsmi bank statistikası isə problemlərin tam miqyasını gizlədir və ödənməyən borcları restrukturizasiya olunmuş kmi göstərir. Lakin bu “üsul” gerçək mənzərəni sona qədər gizlətməyə imkan verməyəcək. Faktiki olaraq, iqtisadi artımın yavaşlaması, yüksək kredit faizləri, sanksiyalar, dünya bazarında neftin qiyməti və s. Rusiya iqtisadiyyatı üçün ciddi təhlükələrdən ibarət böyük bir yük yaradıb. Bu yük gələn il mütləq özünü büruzə verəcək və bunun ciddi böhrana çevrilməyəcəyinə kimsə zəmanət verə bilməz. Ukarynadakı müharibə davam etdikcə, bu təhlükə daha da artacaq və Kreml insan həyatına məhəl qoymasa da, iqtisadi böhranla hesablaşmaya bilməyəcək.

Təbii ki, bu mənzərə Rusiyanın MDB üzrə qonşuları, o cümlədən elə öz iqtisadiyyatı heç də ən yaxşı günlərini yaşamayan Azərbaycan üçün də müsbət heç nə vəd etmir. Rusiyada mümkün iqtisadi böhran, yaxud bank böhranı Azərbaycanın xüsusilə də kənd təsərrüfatı məhsulları üçün əsas xarici bazar olan Rusiya bazarını zəiflədəcək. Bu isə təkcə Azərbaycandakı məhsul istehsalçllarının gılirlərini deyil, həm də Rusiyada yaşayan və işləyən həmvətənlərimizin ölkəmizə zatən kəskin azalmış pul köçürmələrini bir qədər də azaldacaq. Bu da ümumilikdə əhalinin sosial durumuna təsirsiz ötüşməyəcək. Lakin bizim ayrı-ayrı nazirlər də bir çox məsələlərdə bənzədiyi Rusiya hökumətindən geri qalmayaraq, rəqəmlərlə manipulyasiyanı davam etdirəcək…
Azpolitika.info
