Saat:22:26
Haqqımızda

REGİONLARDAKl İŞSİZLİYİN SƏBƏBİ NƏDİR? - Bu rayonlarda 3 ayda yeni iş yeri açılmayıb + SİYAHI

2025-11-18 16:13:49

REGİONLARDAKl İŞSİZLİYİN SƏBƏBİ NƏDİR? - Bu rayonlarda 3 ayda yeni iş yeri açılmayıb + SİYAHI

Bu ilin üçüncü rübü (iyul-sentyabr) ərzində Azərbaycanda ümumilikdə 28 min 836 yeni iş yeri açılıb. Rəsmi məlumatlara əsaslanan hesabata görə, ən çox yeni iş yeri Bakı şəhərinin payına düşüb — ümumi göstəricinin 78%-i və ya 22 min 434 iş yeri paytaxtda yaradılıb. Bakı rayonları arasında lider Nərimanov rayonu olub.

Bu rayonda 3 ay ərzində 4 min 19, Nəsimi rayonunda isə 3 min 988, Yasamalda 2 min 990, Xətaidə 2 min 791, Səbaildə 2 min 609, Binəqədidə 2 min 194 yeni iş yeri açılıb. Digər paytaxt rayonlarında isə göstəricilər belədir: Sabunçu -1 446, Nizami - 1103, Suraxanı - 453, Xəzər - 561, Pirallahı - 7 yeni iş yeri.

Regional göstəricilərə baxdıqda isə vəziyyət olduqca fərqlidir. Belə ki, Bakının ardınca ən çox yeni iş yeri Sumqayıtda (838), Abşeronda (717), Şirvanda (572), Zaqatalada (487) və Qubada (483) açılıb.

Qeyd edək ki, ölkənin 6 rayonunda - Babək, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Xızı - üçüncü rübdə heç bir yeni iş yeri yaradılmayıb.

Naxçıvan Muxtar Respublikasında vəziyyət bir qədər fərqlidir. Muxtariyyətin şəhər və rayonları arasında yalnız Naxçıvan şəhərində 89, Ordubadda 2 və Şərurda 2 yeni iş yeri qeydə alınıb.

Ümumi vəziyyətə baxdıqda da görmək olur ki, rəqəmlər 2025-ci ilin üçüncü rübü ilə əksərən eynidir və ölkə üzrə ən çox iş yeri paytaxt Bakıda yaradılıb. Belə ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 48,9 min yeni iş yeri açılıb. Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,1%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 74,7%-i Bakı şəhərinin, 1,1%-i Naxçıvan Muxtar Respublikasının, 24,2%-i digər regionların payına düşüb. Regionlar arasında ən çox yeni iş yeri Abşeron-Xızı (8,3%), Quba-Xaçmaz (2,6%), Şəki-Zaqatala (2,5%), Gəncə-Daşkəsən (2,3%), Qarabağ (2,1%) və digər bölgələrə aiddir.

Yeni iş yerlərinin 10,8%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, regionlarda iş yerlərinin az açılmasının əsas səbəbi ölkədə qeyri-neft sektorunun zəif inkişafıdır. Onun sözlərinə görə, qeyri-neft iqtisadiyyatı inkişaf etmədiyi üçün sahibkarlar regionlarda yeni iş yeri açmaqda maraqlı deyillər.

X. Kərimli hesab edir ki, sahibkarlar yalnız bir halda yeni iş yeri açmağa maraqlı olurlar: orada pul qazanmaq imkanı olduğu halda. Lakin regionlarda bazar kiçik, satış imkanları məhdud olduğu üçün biznes təşəbbüsləri zəif qalır.

İqtisadçı vurğulayır ki, dövlətin açdığı iş yerləri çox vaxt səmərəsiz və artıqdır: “Dövlət o qədər mənasız və qeyri-səmərəli iş yerləri açıb saxlayıb ki, bu artıq problemə çevrilib. İnkişaf etmiş bazar iqtisadiyyatlarında dövlətin yaratdığı məşğulluq ümumi məşğulluğun 20–30%-dən artıq olmur. Azərbaycanda isə dövlət və özəl sektor arasında 50/50 nisbəti var ki, bu da normal bazar iqtisadiyyatı modelinə uyğun deyil.”

İqtisadçının fikrincə, özəl sektorun böyüməməsinin bir neçə səbəbi var: coğrafi mövqenin əlverişsizliyi (okeana çıxışın olmaması), qonşu ölkələrdəki geosiyasi gərginlik, sanksiyalar və yüksək logistik xərclər bunlardan bəziləridir. Azərbaycandan mal ixrac etmək baha başa gəlir, halbuki, Türkiyə və Gürcüstanın tranzit üstünlüyü var, Azərbaycanda isə bu daha çətin və xərclidir.

X. Kərimli hökumətin qeyri-neft sektorunda uğursuzluqlarını vurğulayaraq, bu sahənin inkişafına effektiv şəkildə yanaşılmadığını bildirir. O, ixracyönlü iqtisadiyyatın stimullaşdırılmasının və turizm potensialının reallaşdırılmasının vacib olduğunu qeyd edir.

İqtisadçı həmçinin quru sərhədlərinin bağlı olmasının ölkə iqtisadiyyatı üçün ciddi məhdudiyyət yaratdığını bildirir: “Quru sərhədləri bağlıdır, gediş-gəliş çətindir, nəticədə ölkə qapalı vəziyyətə düşüb. Gürcüstana getmək 1000–1500 manata başa gəlir. Belə şəraitdə iqtisadi aktivlik necə artsın?”

X. Kərimli qeyd edir ki, iqtisadiyyatın əsasən Bakıda formalaşması regionların inkişafına mane olur: “Sahibkarlar da satış bazarına yaxın olmaq üçün bizneslərini Bakıda qururlar. Niyə sahibkar Ağdaşda biznes açsın? Alıcı, bazar, resurslar Bakıdadır.”

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının ciddi məhdudiyyətlərə məruz qaldığını bildirir: “Naxçıvanda biznes açmaq çətindir. Məhsulun daşınması və göndərilməsi böyük problemdir. Naxçıvanın blokadadan çıxması iqtisadi canlanma üçün vacibdir.”

X. Kərimli, Naxçıvan üçün tətbiq edilən vergi güzəştlərinin faydalı olacağına, amma ən əsas amilin Zəngəzur dəhlizinin açılması olduğuna inanır.

Rəsmi məlumata görə, 2025-ci ilin noyabrın 1-i vəziyyətinə görə, Azərbaycanda işsizlərin sayı 278,9 min nəfər olub. İşsizlik səviyyəsi 5,2% təşkil edir. İqtisadi fəal əhalinin sayı isə 5 milyon 381,5 min nəfər olub, onlardan 5 milyon 102,6 min nəfəri məşğul əhali təşkil edib.

Ölkənin müxtəlif şəhər və rayonlarında yeni açılmış iş yerləri aşağıdakı kimidir:

Gəncə – 214

Qəbələ – 209

Bərdə – 199

Tovuz – 111

İmişli – 124

Xankəndi – 131

Mingəçevir – 52

Göygöl – 51

İsmayıllı – 45

Lənkəran – 44

Ağdam – 41

Göyçay – 40

Samux – 37

Cəlilabad – 36

Neftçala – 34

Zəngilan – 32

Siyəzən – 33

Qax – 30

Ağcabədi – 30

Şuşa – 29

Sabirabad – 27

Cəbrayıl – 27

Salyan – 26

Qazax – 21

Kürdəmir – 20

Zərdab – 18

Yevlax – 18

Saatlı – 17

Gədəbəy – 16

Ağdərə – 14

Xocavənd – 14

Ağdaş – 13

Ağstafa – 13

Oğuz – 12

Yardımlı – 12

Kəlbəcər– 12

Qobustan – 11

Masallı – 9

Xocalı – 7

Ağsu – 5

Qubadlı – 5

Hacıqabul – 5

Daşkəsən – 4

Şabran – 4

Ucar – 3

Naftalan – 2

AzPolitika.info