"RAMİZ MEHDİYEV AĞLINI İTİRİB..." - Keçmiş nazirlə MÜSAHİBƏ
Əvəz Ələkbərov: “ Devalvasiyanın səbəbkarlarından biri də o idi”
Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar barədə Modern.az saytına müsahibə verib
Hurriyyet.az həmin müsahibədən diqqətçəkən məqamları ixtisarla təqdim edir:
- Əvəz müəllim, hər yeni ilin əvvəli kommunal və ərzaq qiymətlərində dəyişikliklər müşahidə olunur. Bir iqtisadçı olaraq, bunun səbəblərini nədə görürüsünüz?
- Biz dünya iqtisadiyyatının bir hissəsiyik və hələ də xaricdən idxal olunan məhsulların həcmi böyükdür. Ölkədə süni qiymət artımı halları da çoxdur. Hökumət bu sahədə müəyyən tənzimləyici addımlar atır və elə edir ki, əhali bu prosesdə itirməsin. Gələn il infilyasiya 5 faiz civarında proqnozlaşdırılır, amma sosial xərclərin artımı 9 - 9,2 faiz nəzərdə tutulub. Xərclər daha çox artırsa, infilyasiya iki rəqəmli olar. Bu rəqəm nəzərə alınmalıdır.
- Necə düşünürsünüz, yenidən manatın dollara nisbətdə dəyəri aşağı düşə bilərmi? Ümumiyyətlə, devalivasiyanın baş verməsi gözləniləndirmi?
- Mən bunun baş verəcəyini düşünmürəm. Ölkə iqtisadiyyatı yaxşı şaxələndirilib, ardıcıl tədbirlər həyata keçirilir. Valyuta ehtiyatları 83 milyard dolları keçib. Neftin qiyməti 40-45 dollardan aşağı düşərsə, əlbəttə, problemlər ola bilər.

- İllərdir ki, vətəndaşlar arasında pensiya yaşı və məbləği ilə bağlı narazılıqlar var. Bu proses necə tənzimlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət xeyir götürə bilsin. Ümumiyyətlə, pensiyalar ölkə iqtisadiyyatına necə təsir edir?
- Hamı istəyir ki, yüksək pensiya alsın. Bu iqtisadi imkanlarla və çoxsaylı problemlərlə bağlıdır. Bu işlərlə əlaqədar çoxlu addımlar atılır. Gələn il pensiyaların 9,2 faiz artırılması üçün icmal büdcədən vəsait də ayrılıb. Bizim əhalimizin təxminən 14 faizi pensiyaçıdır. Pensiya yaşının artırılması orta ömür müddətindən və çoxsaylı sosial problemlərdən asılıdır. Belə addımın atıla biləcəyinə, sözün düzü, mən inanmıram.
- Sabiq nazirlər bu gün sahələri ilə bağlı gündəmdəki mövzulara operativ cavab verməyə meyillidirlər, media ilə sıx əlaqələri var. Sizinlə bağlı eyni şeyi demək mümkün deyil. Çox görünməməyinizin səbəbi nədir?
- Mən çox görünməyin tərəfdarı deyiləm. Hərdən onların çıxışlarına da baxıram və utanıram. Yaxşı olar ki, hərə özünə aid sahədə çalışsın və ölkəmizə də kömək etsin.
- İşdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinizə təsir etdimi?
- Əlbəttə. 95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim.
- Bu sizə təsir etdi?
- Əlbəttə. Amma 1 il sonra özümə gəldim.
- Amma dediniz ki, vəzifə daimi deyil..
- İnsanın öyrəşməyi də var (gülür). Təsəvvür edin səhər durursan, işə gedirsən, bir imzanla ölkədə 5 məsələ həll olunur, imzan vergiyə, gömrüyə, xarici ticarətə, sosial məsələlərə təsir edir. Hərdən düşünürəm, universitetdən çıxım gedim. Amma bir yandan da deyirəm ki, çıxıb gedib nə edəcəyəm, öyrəşmişəm. Artıq nazir deyiləm, müəyyən şeyləri də güzəştə getməliyəm. Bizim cəmiyyət insanlara dəyəri yaşayanda yox, öləndə verir, vəzifədə oldun, hörmət var, getdinsə, hər şey də bitdi. Vəzifəyə var-dövlət qazanmaq üçün gəlmək olmaz. Mən 4 otaqlı evdə yaşayıram və şəraitimdən razıyam. Onda da maşınım var idi, indi də. Ac deyiləm, ildə bir dəfə xaricə çıxa bilirəm. Bəsdir. Mən restoran, şadlıq evləri saxlamaq istəmirəm. Mənim bankım var idi, söz-söhbət yaradırdılar deyə bağladım. İndi başım dincdir.

- Heç sabiq məmurlarla bu barədə danışmısınız? Onlar necə fikirləşir?
- Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır. İndi özü də vəzifədən çıxıb, amma o da yaşayır, mən də (gülür).
- Bəzi keçmiş məmurları zaman-zaman deputat kimi də görürük. Siz keçirilən son parlament seçkilərində namizədliyinizi irəli sürmək haqqında düşünmüşdünüzmü?
- Heç bir təklif gəlməyib. VI çağırışda, yəni 2020-ci ildə özümün deputatlığa namizədliklə bağlı fikirlərim olub, amma sonra arxasınca getmədim.
- Vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olub?
- Yox. Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - müəl.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi.
- Bəs bu təzyiqlər nə vaxta qədər davam etdi?
- Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var.
- Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüz?
- Əlbəttə. Mütləq. İlk növbədə, naxçıvanlı olduğuna, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və sair. Amma əlaqələrinin olduğu bilinir.
- Sizin Ramiz Mehdiyevlə əlaqəniz necə idi?
- İki dəfə aramızda ziddiyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.
- İşdən ayrılandan sonra əlaqələriniz qaldı?
- Ondan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi.

- Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?
- Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətirmək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi.
- Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu?
- Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib.
- Oğlunuz Zaur Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin edildi. Bu təyinatda sizin rolunuz oldumu?
- Mənim rolum olmayıb. Hətta təyinatdan sonra bildim. Xaricdə təhsil alıb və kifayət qədər peşəkardır. Təyinat xəbərini eşitdim, uğurlar arzuladım.
- Digər oğlunuz nə işlə məşğuldur?
- O da Energetika Nazirliyində Daxili audit sektorunun müdiridir. Oksford Universitetində oxuyub. Bu oğlumun işə düzəlməyində mənim məsləhətim olub. Haradasa, 10 ildir ki, orada işləyir.
