Qalmaqal yaradacaq sözlər: “Məhsəti Gəncədə pis mənada tanınırdı”
Bir nəfər film çəkir, bəyənən də olur, bəyənməyən də. Bəyənməyənlər səlahiyyətli məmurlar isə, filmi qoyurlar rəfə, ekranlara buraxmır, müzakirəyə çıxarmırlar. Əvvəllər belə olub. Ədalət naminə baxıram ki, internet saytlarında yeni çəkilən filmdən və mübahisə obyektindən xəbəri olmayanlar düşüblər meydana, daxili mədəniyyətlərinin miqyasıyca leksikonlarındakı bütün qara enerjili sözləri xanım rejissorun ünvanına yazırlar. Bununla kifayətlənmir, hətta onun şəxsi həyatı, şəcərəsi və ailə məsələlərini də hədəfə alırlar. Camaatımızdan bir qismin elmsiz, zəkasız, hətta tərbiyəsiz qaragüruha çevrilmə mexanizmi mənə çox ağır gəlir.
Sayt müxbirinin filmlə bağlı mənə müraciət etməsinə etirazım olmadı, cavablandırdım ki, filmi görməmişəm, onun haqqında bir söz deyə bilmərəm, ancaq mübahisə və münaqişənin obyekti olan Məhsəti Gəncəvi haqqında qədim və orta yüzil mütəxəssisi olan filoloq kimi danışmağa faktlara söykənən sözlərim var. Əlbəttə, məqsədim münaqişəni yumşaltmaq, məlumatsız adamlarda kütləvi kütlük psixozunun təsirilə hətta ədəbsizlik dərəcəsinə gəlib çıxan predmetsiz dedi – qodunu kəsmək idi. Yəni ki, film çəkənləri bu dərəcədə təhdid etməyin yeri yoxdur, əgər o şairə ilə bağlı erotik səhnələr varsa, yerindədir – fikrilə tənqid hədəfini məlumatsız qaragüruhun şərrindən qurtarmaq idi. Sən demə, mütəxəssis sözü belə qaragüruha təsir etməz, hətta hiddətləndirər, qəzəblərini ona yönəldərlər – təcrübəsini nəzərdən qaçırmışam.
“Mömin mömin üçün güzgü yerindədir” fikri hədisi – şərifdə keçir. Ona görə də, mənə qarşı yönələn təhdid və təhqirlərin müəllifləri, mömin olmasalar da, əslində özlərinə xas cizgiləri “bədənnüma güzgü”də tamlıqla göstərirlər. Nəinki özləri, hətta genetik kodları, şəcərələri haqqında da üzdə olmayan geniş məlumatı verirlər. Əvvəla onu deyim ki, saytdakı sözlərim fars dilinə bələd olan hər bir şərqşünas üçün yenilik deyil, bunu tamamilə təsdiq edə bilərlər. Alman şərqşünas alimi Fritz Meier (1912- 1998) “Gözəl Məhsəti” monoqrafiyasında şairənin yüksək sənətkarlıqla yazdığı erotik şeirlərinin təhlilinə xeyli səhifə ayırıb. İslam sferasında bayağı olmayan, gözəl yazılan erotik şeirlər “bəhnamə” janrının tələblərinə uyğun olaraq, sənətkarlıq nümunəsi sayılır. Əbu Əli ibn Sinanın və Nəsirəddin Tusinin bəhnamələri məşhurdur. Şeyx Həkim Nizami “Xosrov və Şirin”, “Həft peykər” dastanlarında bəhnamənin tələblərindən geniş bəhrələnib.
Məhsəti haqqında təzkirələrdə bəzən bir-birini tamamlamayan kifayət qədər çox məlumat var. O, üç təxəllüs (Məhəsti, Mahəsti, Məhsitti), dörd adla (Munisə, Muniscə, Muniyaçə, Məhsitti xanım) tanınıb, biz ona ənənəvi olaraq “Məhsəti” deyirik.Əmir Əhməd, Sultan Səncər, Əmin Qorçi... bu adlar xanımın məşuqlarından bir neçəsidir. Fars ədəbiyyatının böyük klassiki Fərid əd-Din Əttar Sultan Səncərlə xanımın macəralarından yazıb. Şah və əyan məclislərini əyləndirən, buynuz dolusu şərab içən bu xanım əslən Xocənddəndir, Gəncəyə 20 yaşı olarkən anası ilə birgə gəlib, Bu barədə təzkirəçilərin dediklərilə razılaşan Məhəmmədəli Mollazadə Gəncəvi də yazıb.
Şeyx Həkim Nizami Gəncəvidən o, 22 yaş böyük idi, hicri-qəməri təqvimlə 576-cı ildə 88 yaşında dünyadan köçüb. “Xosrov və Şirin” dastanında “Dər tarixo sabiğeyi in nəzm” bəhsində Atabəyə ondan daha artıq iltifat görtərdiyi üçün Məhsəti barədə şeyx yazır:
Sittiyo Məshətira bər ğəzəlhaş
Şəbi səd gənc bəxşəm əz məsəlhaş.
(Sitti və Məshətinin qəzəllərinə bir gecədə, məsəlçün yüz xəzinə bağışlaram.) Yəni, onların bütün qələmə aldıqlarını mən bir gecədə yazaram. Şeyxin son dərəcə böyük diplomat ədəbiylə dediyi sözlər, heç kəsi aşağılamadan şahın qüdrətli şair axtarışında nəzərlərini özünə sarı yönəltməkdi.
Məhsəti özünün şəhraşubları ilə Gəncədə pis mənada tanınırdı. “Şəhəri çaxnaşdıran” mənasına gələn bu şeir şəkli, bir qayda olaraq, lətair sözlərsiz söylənməzdi. Məshəti ancaq fars dilində yazıb, rübaisində cəmi bir türk sözü ”para” (pul) olan nəzmini nəzərinizə çatdırıram. namus mücəssəməsi kimi tanıdılan, bu xanımın Feridun Nurzadənin tərtib və çap etdiyi “Məhsətinamə” adli divandakı 315 rubaisindən ancaq birisini göstərməklə məsələni çox uzatmıram.
Qofti ke, tora bəsi qəmxarə əst,
Bi rüşvəto parə əz toəm səd parə əst.
Gər rüşvət tələbe mara kun parə əst,
Vər parə tələb koni, məra kus parə əst.
(Dedin ki, qəmxarlığın yetər, Səndən rüşvətsiz yüz para almalıyam. Əgər rüşvət tələbindəsənsə mənim ... paradır.
Və para tələb etsən mənim... paradır.)
Nöqtələr qoyduğum sözlərin tərcüməsini yazmaq ayıbdır. Şairə bu föhş sözləri, təəssüf ki, ayıb bilməyib.
Məhsəti Gəncəvinin farsca yazan ilk şairə olmaq etibarıyla qələm ustadı kimi gözəl sənət nümunələri yaratması mübahisə doğurmur. Söhbət şəxsin bir ömür boyuca necə yaşaması, tarixin yaddaşında nə sayaq qalması üstündədir. Çox vaxt tərif və təltiflərin ünvanı çalpaşıq düşür, layiqlilər kölgədə qalır. Məhsəti Gəncəvinin yubileyi nəiki dünyanın aliqədr məclislərində keçirildi, hətta heykəlləri qoyuldu, adına Krım rəsədxanasının mərhum astronomu Çernıxın kəşf etdiyi astroidlərdən (kiçik planet) birinə şairənin adı verildi. Onunla bir yüzildə yaşayan dönməz, əyilməz, işıqlı böyük şəxsiyyət, söz ustadı Xaqani Şirvaninin yubileyi isə heç yerli miqyasda da qeyd olunmadı.\\Yenisabah
