Putinin gecə müşavirəsinin şifrələri - MƏQSƏDİ MƏLUM OLDU
"Vladimir Putin və Rusiya hərbi komandanlığı növbəti teatrlaşdırılmış səhnəcik oynayıblar".
Hurriyyet.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.
O deyib ki, rusiyalı bəzi hərbi blogerlərin Turgenevin məşhur əsərindən ilhamlanaraq Mumu adlandırdığı Rusiya Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov guya Kupyansk (Xarkov vilayəti) şəhərinin "azad olunduğunu" iddia edib: "O, Pokrovsk (Donetsk vilayəti) şəhərinin 70%-nin, Volçansk (Xarkov vilayəti) şəhərinin isə 80%-nin nəzarətə götürüldüyünü iddia edib.
Başqa bir general söhbətə qarışaraq Gerasimovun "unutduğu" Yampol (Donetsk vilayəti) şəhərinin də "azad olunduğu" haqda ali baş komandana raport verib.
Gurultulu raportlardan vəcdə gələn diktator isə öz növbəsində Kupyansk-Uzlovoyda (kiçik qəsəbə) guya 15 Ukrayna batalyonunun mühasirəyə düşdüyü nağılını danışıb...
Xatırladaq ki, bundan əvvəlki, 29 oktyabr tarixli səhnəcikdə Gerasimov Pokrovsk və Kupyansk şəhərlərinin mühasirəyə alındığını, Putin isə hər iki şəhərdə 10 mindən çox Ukrayna əsgərinin "kotyol"da qaldığını demişdi. O, hətta xarici jurnalistlərin bu şəhərlərə səfərini təşkil etmək təklifi ilə çıxış etmişdi. Lakin "mühasirə" uzandıqca Rusiya MN sonrakı günlərdə gah Pokrovskdakı Ukrayna əsgərlərinin təslim olmağa başladığı, gah Kupyanskın ayrı-ayrı hissələrinin "boyevik"lərdən təmizlənməsi haqda məlumatlar yaymağa başladı. Əslində Putinin jurnalistləri adı çəkilən şəhərlərə aparmaq təklifi yaxşı təklif idi. Əgər qələbə raportları doğrudursa, onda Gerasimov özü jurnalistləri götürüb, məsələn, Kupyanska gedərək şəhər mərkəzindən foto və video paylaşa bilər".
Siyasi icmalçının fikrincə, bu yalanların intensivləşdirilərək psixoloji təsir və təzyiq xarakterli vizual materiallarla müşayət olunması səbəbsiz deyil. Ş.Cəfərli vurğulayıb ki, Moskva hazırda Ukrayna əleyhinə Vaşinqtonla (Trampın yaxın çevrəsi ilə) koordinasiya olunan şiddətli informasiya savaşı, Avropaya qarşı isə onları qorxutmağa, Ukraynaya aktiv dəstəkdən çəkindirməyə yönəlmiş xüsusi xidmət əməliyyatları, o cümlədən diversiyalar aparır: "Guya Ukrayna müdafiəsinin çökdüyü və rus ordusunun sürətlə irəlilədiyi, bu səbəbdən Kiyevin təslimçi sülhü qəbul etmək zorunda olduğu haqda rəy formalaşdırılır. Əlbəttə ki, cəbhədə vəziyyət mürəkkəbdir və rusların taktiki irəliləyişləri var, lakin hər kv.metr onlara çox baha başa gəlir və Ukraynanın kapitulyasiyasını diktə edən bir durum yoxdur".
Politoloq qeyd edib ki, Ukrayna üçün hazırda ən ciddi problem korrupsiya qalmaqalı (bu məsələnin faş edilməsi də təsadüf deyil) səbəbilə demoralizə olmuş, qəhrəman obrazı sarsılmış və basqılara dayanıqsız hala gəlmiş prezidentə-ali baş komandana sahib olmaqdır: "Volodimir Zelenski ən yaxın dostunun və hökumətindəki bəzi nazirlərin vətənə xəyanətə bərabər əməllərinə görə siyasi və mənəvi məsuliyyət daşıyır.
Məncə, Zelenski Ukrayna dövləti və xalqının mənafeləri naminə istefaya getməyi ciddi şəkildə düşünməli, sülh barədə qərarı xalqın seçəcəyi yeni prezidentin verməli olduğunu bəyan etməlidir. Bu, Vaşinqtondakı alverçi-möhtəkirlərin təzyiqindən yayınmağa və vaxt udmağa da kömək edərdi. Ukraynanın növbəti prezidenti böyük ehtimalla bu savaşda parlayan hərbçilərdən biri olacaq".
