Putinin fərmanı: Rusiya Azərbaycandan da istedad axtarır
Rusiya Miqrasiya Xidməti ölkəyə istedadlı əcnəbilərin cəlb olunmasına dair prezident Vladimir Putinin imzaladığı fərmanın məqsədini açıqlayıb.
Həmin fərman Rusiyanın dünyanın müxtəlif ölkələrindən dəyərli kadrların axtarışına başlamasına rəvac verib.
Bundan sonra istedadlı əcnəbilər seçim mərhələsindən keçəcək, sonra isə onların Rusiyaya köçdükdən sonrakı ilk dövrdə müşayiəti və dəstəyi təşkil olunacaq. 2026-cı il aprelin 15-dək kadrların axtarışı ilə məşğul olacaq xüsusi operatorun yaradılması planlaşdırılır. Hədəf qrupuna inkişaf etmiş, o cümlədən Qərb ölkələrinin vətəndaşları daxildir, lakin əsas diqqət keçmiş sovet respublikalarının vətəndaşlarına yönəlib.
Qurumun açıqlamasında bildirilir ki, hər bir kadrla fərdi şəkildə işləmək vacibdir. Həkimlər və digər ixtisaslı mütəxəssislər çatışmazlığını miqrantlarla doldurmaq yalnız təşkil olunmuş şəkildə mümkün ola bilər.
Qeyd olunur ki, hazırda miqrasiya prosesi demək olar ki, tamamilə spontan şəkildə həyata keçirilir. Həkimlərə və ya digər mütəxəssislərə Rusiyada onları nələrin gözlədiyi, işləmə şəraiti, maaşlar və hansı sənədlərin lazım olduğu heç kim izah etmir. İnsan sadəcə bilet alır və hər şeyi özü həll etməyə çalışır. \\Ölkə.Az
