Saat:02:03
Haqqımızda

PUTİNİ ALDADAN GENERAL – Kupyanska görə “Rusiya qəhrəmanı” ulduzu alan Kuzovlevin aqibəti necə olacaq?

2025-12-13 15:27:15

PUTİNİ ALDADAN GENERAL – Kupyanska görə “Rusiya qəhrəmanı” ulduzu alan Kuzovlevin aqibəti necə olacaq?

Hələ bir neçə gün əvvəl - dekabrın 9-da Rusiyada “Qəhrəmanlar Günü” qeyd edilib. Həmin gün Vladimir Putin ənənəvi olaraq Kremldə Rusiyanın əsas mükafatını – “Rusiya Qəhrəmanı” ulduzunu təqdim edib.

Bu il sözügedən ulduzu alanlar sırasında Moskva Hərbi Dairəsinin komandanı general-polkovnik Sergey Kuzovlev də olub. Son bir neçə ay ərzində o, müntəzəm olaraq televiziyada çıxış edərək Putinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verib. Noyabrın 20-də həmin general Putinə Rusiya qoşunlarının Xarkov vilayətindəki Kupyansk şəhərini tam işğal etdiyi barədə raport verib. O deyib ki, artıq şəhərdə "ayrı-ayrı kiçik, dağınıq düşmən qrupları məhv edilir". General Kuzovlev “qəhrəman ulduzu”nu da məhz Kupyanskın işğalına görə alıb.

Ukrayna tərəfi bu dövr ərzində mütəmadi olaraq, Kupyanskın işğal edilmədiyi barədə məlumatlar yayıb. Rusiya “Z-bloqerləri” də şəhərin tam işğal edilmədiyi və orada rus qoşunlarının vəziyyətinin ağır olduğu barədə məlumatlar yayıblar. Ancaq nə Kuzovlev, nə Gerasimov, nə də Putin bu məlumatlara əhəmiyyət verməyiblər.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenskinin Kupyanska səfəri və oradan bəyanat yayması, eləcə də rus qoşunlarının şəhərdə mühasirəyə alınması Rusiya hərbi-siyasi rəhbərliyini və “Z ictimaiyyəti”ni şoka salıb. İndi “Z” media və bloqerlər günahkarların, yalan raportlar verən saxtakarların cəzalandırılmasını tələb edirlər. Bunlar isə Baş Qərargah rəisi Valeri Gerasimov və Kupyanskın “alınmasına” görə Putindən “Rusiya qəhrəmanı” ulduzu alan general Kuzovlevdir. İndi çoxları gözləyir ki, sözügedən generalın və onun “qəhrəman ulduzu”nun taleyi necə olacaq? 

Qeyd edək ki, Kuzovlev 18 fevral 2021-ci ildə general-polkovnik rütbəsi alıb. Bundan əvvəl bir neçə ay Suriyadakı rus qoşunlarına rəhbərlik edib. 13 dekabr 2022-ci ildən Qərb Hərbi Dairəsinin, 23 yanvar 2023-cü ildən 2024-cü ilin may ayına qədər Cənub Hərbi Dairəsinin, eləcə də Ukraynadakı Rusiya Cənub Qüvvələri Qrupunun, 15 may 2024-cü ildən isə yeni yaradılan Moskva Hərbi Dairəsinin komandanı olub.

AzPolitika.info