Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı 17 il həbs cəzasına məhkum ediliblər
Hurriyyet.az xəbər verir ki, Pakistanın keçmiş baş naziri və Pakistan Ədalət Partiyasının (PTI) təsisçisi İmran Xan və hazırda həbsdə olan həyat yoldaşı Büşra Bibi korrupsiya işi üzrə hər biri 17 il həbs cəzasına məhkum ediliblər.
"Davn" qəzetinin məlumatına görə, hökmlər Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın 2021-ci ildə rəsmi səfəri zamanı İmran Xana və həyat yoldaşı Büşra Bibiyə hədiyyə etdiyi zərgərlik dəstinin "Toşaxana" departamentindən faktiki dəyərindən çox aşağı qiymətə alınması ilə bağlı iş üzrə verilib.
İmran Xan və həyat yoldaşı həmçinin təxminən 59.000 dollar (16,4 milyon rupi) cərimə olunublar.
Həbs cəzası, İmran Xanın saxlanıldığı Ravalpindidəki Adiala Həbsxanasında keçirilən dinləmədə Mərkəzi Xüsusi Hakim Şahrux Ərcümənd tərəfindən verilib.
Pakistanın İnformasiya Naziri Attaullah Tarar bildirib ki, İmran Xanın bu iş üzrə həbs cəzası 190 milyon funt sterlinqlik korrupsiya işi üzrə cəzası başa çatdıqdan sonra başlayacaq.
Yüksək vəzifəli dövlət məmurlarına təqdim edilən hədiyyələr əvvəlcə "Toşaxana"ya verilir. Daha sonra vəzifəli şəxslər bu hədiyyələri idarədən alırlar.
NURAY
