Saat:01:40
Haqqımızda

ÖMÜRLÜK ƏLİLLİK DƏRƏCƏSİ ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - DİN-dən reaksiya

2025-11-07 13:47:36

ÖMÜRLÜK ƏLİLLİK DƏRƏCƏSİ ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - DİN-dən reaksiya

Şəki şəhəri, M.Əfəndiyev küçəsi, ev 2/1 ünvanında qeydiyyatda olan Məmmədov Cavanşir Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə  müraciət edir:

"Cənab Vilayət Eyvazov!

Cənab Kamran Əliyev!

Mən, Məmmədov Cavanşir Həsən oğlu, yazaraq Sizdən xahiş edirəm ki, işimlə bağlı tapşırıq verəsiniz.

Bildirim ki, özüm İkinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Məhz başıma açılan saxtakarlıqla bağlı əlilliyim də kəsilib. Hazırda işim məhkəmədədir. Vətən müharibəsi iştirakçısına qarşı böyük haqsızlıq edilib...

Belə ki, Mahmudov Telman Ramazan oğlu məni aldadaraq, müddətsiz əlillik düzəltmək və sosial ev növbəsinə yazdırmaq üçün dələduzluqla 13 min 500 manat pulumu alıb. Dəfələrlə pulu tələb edəndə "işin həll olunacaq" deyib.

Bildirim ki, o, digər şəxslərə qarşı da eyni dələduzluq əməlləri edib. Onlara da 64 min 500 manat zərər vurub. Bu azmış kimi, adam hələ də dələduzluq hallarını davam etdirir.

Ən maraqlı məqam budur ki, adam həbs olunmur, sanki kimlərsə tərəfindən himayə olunur.

Bütün sübutlar və dəlillər polisə və prokurorluğa təqdim olunub.

Onu da qeyd edim ki, adam hər kəsi aldadaraq, özünü "qazi" kimi təqdim edir. Hansısa quruma gedəndə "pampers" geyinir, amma saatlarla haradasa oturanda heç bir probleminin olmadığını tək mən yox, bir çox adam görüb. 

Cənab Nazir!

Cənab Baş prokuror!

Xahiş edirəm, işimin obyektiv araşdırılması ilə bağlı tapşırıq verin, dələduz şəxs həbs olunsun, bu özbaşınalıq sona yetsin. O, azadlıqda gəzib, bizim kimi başqalarını da aldatmasın. Polis bölməsində ondan şikayət edənlərin sayı günbəgün artır".

Vətəndaşın şikayəti ilə bağlı yazıda adı çəkilən Mahmudov Telman Ramazan oğlu ilə əlaqə saxladıq. Lakin o, suallarımızı cavabsız qoydu. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Hürriyyət"ə bildirilib ki, Telman Mahmudovun vətəndaşların maddi vəsaitini dələduzluqla ələ keçirməsi ilə bağlı zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında ərazi üzrə polis orqanında cinayət işi başlanılıb: "Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir" .

Jalə FAMİLQIZI

Hurriyyet.az