Ombudsman Serbiya Respublikasında beynəlxalq elmi konfransda iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Serbiya Respublikasında Vətəndaşların Müdafiəçisi təsisatının yaradılmasının iyirmiillik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edib.
Xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının, beynəlxalq təşkilatların rəhbər və nümayəndələrinin, beynəlxalq ekspertlərin və elm xadimlərinin də qatıldığı tədbirdə çıxış edən Səbinə Əliyeva Serbiya Ombudsmanını və təsisatın kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Müvəkkil ombudsman təsisatlarının insan hüquqlarının təminində effektiv mexanizm kimi mühüm rol oynadığını qeyd edərək, bu istiqamətdə həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərə toxunan Ombudsman bərabərlik hüququnun təmin edilməsi, ayrı-seçkiliyin qarşısının alınması, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və digər sahələrdə mandatının genişləndirildiyini vurğulayıb. O, qanunvericiliyə edilən dəyişikliklərin Müvəkkilin fəaliyyətinin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılmasına yönəldiyini qeyd edib.
Beynəlxalq təşkilatlarla, habelə ombudsman və milli insan hüquqları təsisatları ilə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Səbinə Əliyeva Azərbaycan və Serbiyanın ombudsman təsisatları arasında mövcud sıx əlaqələri xüsusi vurğulayıb. Müvəkkil cari ildə Bakıda keçirilmiş Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində iki qurum arasında Anlaşma Memorandumunun imzalanmasını iki qurum arasındakı əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini qeyd edib.
Hurriyyet.az
