"Müəllimə dəvətnamə vermirlər ki, gəlib mənim toyuma nə pul yazdıracaq ki?” - Emma İbrahimova
Azərbaycanda repetitorların ayrıca sertifikasiyadan keçməsi və vergiyə cəlb olunması ilə bağlı təkliflər səsləndirilib.
Hurriyyet.Az-ın məlumatına görə, bununla bağlı Redaktor.Az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova bildirdi ki, artıq cəmiyyət sertifikasiya məsələsi, müəllimlərin səhərdən axşam saat 6-ya qədər işdə qalması, maaş artımı və s. mövzulardan sözün əsl mənasında diksinib:
"Çünki cəmiyyətin toxunula biləcəyi daha çox problemləri var. Yəni o problemlər həll olunmalıdır. Yazıq müəllim onsuz da başını salıb aşağı, beş-on saat dərsini keçir. İllər öncə deputatlarımızdan biri çıxışında vurğulamışdı ki, müəllim maaşı müəllimi qane etmirsə, o, dərsdən sonra kənd təsərrüfatı işi ilə məşğul ola bilər - əkin-biçinlə, kartof, soğan əkib ailəsini dolandıra bilər.
Mən təəssüflər olsun ki, bugünkü gündə səhhətim və yaşadığım ərazinin şəraiti əkin-biçinlə məşğul olmağa imkan vermədiyi üçün dərsdən sonra repetitorluqla məşğulam. Düşünürəm ki, müəllimin dərsdən sonra şəxsi həyatı, hansı işlə məşğul olmasının heç kimə aidiyyəti yoxdur. Çünki müəllim də digər vəzifədə işləyənlərin işdən sonrakı şəxsi həyatına qarışmır. Repetitor isə bugünkü gün əziyyətinin, yuxusuz gecələrinin, istirahətsiz günlərinin, aylarının, illərinin çörəyini yeyir".

Onun fikrincə, repetitorları sertifikasiyadan keçirməyə gərək yoxdur.
"Çünki məncə bu məsuliyyəti boynuna alan kəslər tutduqları işin mahiyyətini dərk edirlər. Getdikləri yolun mahiyyətini anlayırlar, boyunlarındakı məsuliyyəti sözün əsl mənasında dərk edirlər.
Bu gün nədənsə cəmiyyətin müəyyən bir təbəqəsi müəllimin yaxşı yaşayışını, müəllimin normal evdə yaşamasını qəbul edə bilmir. Niyə qəbul edə bilmirlər? Çünki bizim cəmiyyət müəllimi əvvəldən bu günə qədər kasıb təbəqə kimi dəyərləndirib. Bir xeyir işi olanda, vəzifəli bir adamın övladının toyu olanda müəllimə dəvətnamə verməyiblər ki, “müəllimdir də, gəlib mənim toyuma nə nəmər salacaq, nə pul yazdıracaq ki?”. Yəni müəllimə cılızlaşmış bir təbəqə kimi baxıblar.
Bu gün hansısa müəllim əlavə qazancı ilə öz rifahını, yaşayışını yaxşılaşdırıbsa, bu, nədənsə bəzi şəxslər tərəfindən qəbul olunmur. Mənim həyatım, uşaqlığım acınacaqlı bir vəziyyətdə keçib. Mən müharibə dövrü görmüşəm, uşaqlığım müharibə illərinə təsadüf edib. Çörəyin növbə ilə alındığı vaxtlara təsadüf edib. Bir qarnı ac, bir qarnı tox böyümüşük. Mən uşaqlıqda aldığım travmanı, çəkdiyim çətinliyi bu gün öz övladlarıma yaşatmaq istəmirəm. Bu gün uşaqlarımın normal yaşaması üçün əlimdən gələni edən bir anayam, bir qadınam, bir valideynəm və bir müəlliməm. Çox xahiş edirəm, müəllimlərin nüfuzu ilə az oynasınlar", - deyə Emma İbrahimova yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
