Saat:17:22
Haqqımızda

Moskvaya nota vermək kifayətdirmi? - “Rusiyanın qüdrətli dövrü çoxdan bitib”

2025-11-15 14:56:01

Moskvaya nota vermək kifayətdirmi? - “Rusiyanın qüdrətli dövrü çoxdan bitib”

"Rusiya Ukraynaya qarşı amansız müharibə aparır. Eyni zamanda, Ukraynanı dəstəkləyən qüvvələrə qarşı. Yəni Qərb və bir sıra qeyri-qərb dövlətlərinə. O cümlədən Azərbaycanın açıq şəkildə Ukraynanın ədalətli mövqeyini müdafiə etməsi Rusiyanı qıcıqlandırır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a politoloq Zərdüşt Əlizadə deyib.

O Azərbaycan və Rusiya arasında imzalanmış Strateji Müttəfiqlik Bəyannaməsini xatırladıb:

“Həmin sənəddə yazılmayıb ki, Azərbaycan mütləq şəkildə Rusiyanın beynəlxalq qanunlara zidd hərəkətlərini müdafiə etməlidir. Bəyannamədə yazılıb ki, qarşılıqlı surətdə bir-birimizi müdafiə etməliyik. Amma qanunsuz hərəkətlərin müdafiə edilməsinə dair bir bənd yoxdur”.

Siyasi şərhçi vurğulayıb ki, müharibə zamanı itkilərlə hesablaşılmır:

“NATO serbləri cilovlamaq üçün Yuqoslaviyaya hücum zamanı Çin səfirliyini vurub dağıtmışdı. Çin ABŞ və NATO-ya qarşı müharibə elan etməli idi? Əlbəttə, yox. Pekin etiraz etdi və bəyanat verdi. Azərbaycan da son hadisə zamanı etirazını bildirib eyni addımı atdı”.

Z.Əlizadənin sözlərinə görə, Azərbaycan və Rusiya arasındakı ziddiyyət dərin məna daşıyır:

“Rusiya imperiyalist siyastindən əl çəkmir və özünü təkəbbürlü aparır. Moskva hələ də elə zənn edir ki, keçmiş sovet respublikaları ondan asılıdır. Doğrudur, Rusiya Azərbaycana nisbətən daha güclüdür, amma onun qüdrətli olduğu dövr çoxdan bitib. Mən baş verən son hadisənin Moskva-Bakı münasibətlərində artan gərginlik yaradacağını düşünmürəm”.

Xatırladaq ki, noyabrın 14-də Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.