Saat:15:42
Haqqımızda

Mobil telefon və qulaqcıqlardan istifadə - DYP-dən XƏBƏRDARLIQ

2025-11-14 10:00:30

Mobil telefon və qulaqcıqlardan istifadə - DYP-dən XƏBƏRDARLIQ

Piyada vurma hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Bildirilib ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük hissəsi piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, nəqliyyat vasitələrinin qarşısına qəfil çıxması, yolu keçərkən ətrafı lazımi qədər qiymətləndirməməsi və ümumilikdə qaydalara etinasız yanaşması ilə bağlıdır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xatırladır ki, yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməklə keçmək, svetoforun siqnallarına əməl etmək və hərəkətə başlamazdan əvvəl sürücülərlə göz təması yaratmaq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Yolu keçərkən mobil telefondan və qulaqcıqlardan istifadə diqqəti yayındırır və qəza ehtimalını artırır. Eyni zamanda dayanmış nəqliyyat vasitələrinin önündən qəfil yola çıxmaq və qaçaraq yolu keçməyə cəhd etmək həyatınıza bir anda son qoya bilər, çünki bu hal sürücülərin sizi vaxtında görməsini və manevr etməsini demək olar ki, mümkünsüz edir.

BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır.