Saat:16:36
Haqqımızda

“Milyardları mənimsəyən adamlarla kasıb təbəqə necə bir yerdə ola bilər?!” - MÜSAHİBƏ

2025-11-24 15:31:03

“Milyardları mənimsəyən adamlarla kasıb təbəqə necə bir yerdə ola bilər?!” - MÜSAHİBƏ

Professor Eldar Məmmədbəyli: “Sağlamlığı olmayan ölkədə yaxşı şərait yarada bilmərik”

“Övladlarımız, nəvələrimiz istər müdafiə, istər də elmin inkişafı üçün sağlam olmalıdırlar”

“44 günlük Vətən Müharibəsində necə bir olduqsa, indi də elm, təhsil sahəsində bir olmalıyıq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 85 illik yubileyi münasibətilə elm adamlarının qarşısında çıxış edən Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxundu. Dövlət başçısının Azərbaycan dilinin qorunması, elm adamlarının rəsmi qurumlarla əlaqəli çalışması haqda tapşırıqları xüsusilə təqdir olunandır. Ona görə ki, hər iki sahədə sözün həqiqi mənasında ciddi problemlər mövcuddur.

Bu baxımdan, Prezidentin göstərişləri ən qısa zamanda yerinə yetirilməli və hər iki sahədə mövcud olan problemlər tezliklə aradan qaldırılmalıdır. Belə desək, AMEA artıq dövlət büdcəsindən qidalanan elm ocağı yox, büdcəmizə gəlir qazandıran, ölkənin inkişafına töhvə verən bir quruma çevirilməlidir. Hansı ki, əslində Prezident İlham Əliyevin öz nitqində vurğuladığı məsələlər məhz Azərbaycanın inkişaf stragediyasının mühüm istiqamətləri hesab oluna bilər. Müvafiq qurumlara, o cümlədən AMEA-ya sadəcə bu istiqamətləri düzgün müəyyənləşdirmək, uğurlu inkişaf planı tərtib etmək qalır.

Əslində, biz zaman-zaman bəzi elm adamlarının da bu istiqamətdə mediada ardıcıl çıxışlarının şahidi olmuşuq. Sadəcə, etiraf etməliyik ki, istər dövlər qurumları, istər də müvafiq institutların rəhbərlikləri bu təkliflərin həyata keçirilməsində o qədər də maraqlı görünməyiblər. Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycanda dövlətin iqtisadi inkişafında elm və təhsilin rolu ya yoxdur, ya da minimal səviyyədədir.

Nəzərə alsaq ki, bütün inkişaf etmiş ölkələrdə iqtisadi inkişaf stradegiyası elm və təhsilin üzərində qurulub, dövlət büdcəsinin önəmli hissəsi məhz bu sahələrə, daha dəqiq desək yeni-yeni ixtiraların kəşfinə, müxtəlif strategiyaların həyata keçirilməsinə ayrılır, deməli, Azərbaycan da analoji metodlardan faydalanmalıdır. Bununla həm də dövlət büdcəsinin neft gəlirlərindən asılılığını minimuma endirmək olar. Hansı ki, müasir dövrdə bu olduqca vacib məsələdir. Ən azı ona görə ki, artıq “neft erası” başa çatır və bütün dünya tədricən alternativ enerji mənbələrində faydalanmağa üstünlük verir.

Azərbaycanda xüsusilə əczaçılıq sahəsinin inkişafı ilə bağlı maraqlı və olduqca faydalı təkliflər irəli sürən alimlərdən biri də professor Eldar Məmmədbəylidir. AMEA-nın 85 illiyi ərəfəsində Prezident İlham Əliyevin sərancamı ilə “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif olunan E.Məmmədbəyli ilə dövlət başçısının AMEA-dakı çıxışı ətrafında müzakirə apardıq.

(Əvvəli bu linkdə: “Heç bir ölkə elmsiz inkişaf edə bilməz” - PROFESSOR ELDAR MƏMMƏDBƏYLİ)

- Eldar müəllim, zaman-zaman bir alim kimi Sizin də müxtəlif təkliflərinizin şahidi olmuşuq. Məsələn, sonuncu müsahibənizin birində Azərbaycanın dərman idxalından azad olması üçün əczaçılıq sahəsində görüləcək işlərdən danışmışdınız. Necə düşünürsünüz, Prezidentin məlum tapşırığı bu problemlərin həllinə gətirib çıxaracaqmı?

- Azərbaycanda artıq dərman zavodlarının tikilməsinə başlanılıb. Bu, çox lazımlı sahədir. Biz dərmanlar xaricdən çox baha qiymətə alırıq. Halbuki, onlar Azərbaycanda istehsalı olunsa, daha münasib qiymətə başa gələr.

Tanıdığım yeni nəsil əczaçılar var ki, onlar yeni zavodların tikintisinə başlayıblar. İnsan sağlamlığı hər şeydən önəmli olmalıdır. Dərmanların çoxunu alırıq və görürük ki, yoxlama, nəzarət zəifdir. Misal üçün, Türkiyədən aldığımız dərmanla burdan aldığımız dərman müalicə zamanı eyni nəticəni vermir. Mən həmişə deyirəm ki, bu sahəni inkişaf etdirməliyik. Çünki sağlamlığı olmayan ölkədə yaxşı şərait yarada bilmərik. Övladlarımız, nəvələrimiz istər müdafiə, istər də elmin inkişafı üçün sağlam olmalıdırlar.

Tibb sahəsi çox qarışıq sistemdir. Bu sahəyə cavabdeh olan iki qurum var - Səhiyyə Nazirliyi və TƏBİB. Amma indi birinin dediyini o biri təsdiq etmir. Adam poliklinikaya gedəndə peşman olur. Ona görə, bu sahədə də çox ciddi islahat lazımdır. Bu qurumların rəhbərliyində oturan adamlar hardasa korrupsiyaya yol verə bilərlər. Amma təhsildə, tibb sahəsində korrupsiya, oğurluq olmaması üçün daha çox işlər görmək lazımdır. Dövlətin büdcəsindən ayrılan pullar düzgün xərclənməsə millət özünə gələ bilməz. Qalan hamısı boş nağıllardır. Məmməd Araz demiş:

Yalan-yarğanlara nağıl söyləsək,

Sən kimə gərəksən,

Mən kimə gərək?!

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

Bu addımı hamı atmalı, hər kəs öz üzərində işləməlidir. 44 günlük Vətən Müharibəsində necə bir olduqsa, indi də elm, təhsil sahəsində bir olmalıyıq. Məsələn, mənim oğlum həkim işləyirdi. Hətta Olimpiadada məşəli yandıranlardan biri idi. Bir gün dedi ki, ata, mən dözə bilmirəm... İmtahan verdi, Almaniyada işləməyə getdi. Həmçinin, nəvələrim də eyni addımı atıblar. Niyə getməlidirlər? Alman, ingilis, rus və Azərbaycan dilini əla bilirlər. Belə adamlar sistemin qurulmağına kömək göstərə bilərlər. Mənim oğlum niyə gedib Almaniyada işləməlidir?! Bu məsələni mən tək öz övladlarım üçün demirəm, bu problemdən əziyyət çəkən az deyil.

Hər zaman deyirəm ki, mən bu dövlətdə işləmişəm, başqa heç yerdə işləməmişəm. Hər zaman da dövlət adamlarına müraciət etmişəm. Amma bu gün onlara müraciət etməklə heç nə əldə edə bilmirik. Çox çətin məsələdir. Ölkəni öz şüurumuzla, təfəkkürümüzlə, yəni Allahın bizə verdiyi imkanlarla özümüz düzəltməliyik. Şimalı Koreya və Cənubi Koreyaya fikir verin, millətin bir-biri ilə fərqi nədir?  Görürsünüz, Şimalı Koreyada nələr edirlər... Və yaxud Almaniya kimi ölkədə Hitler kimi birisi çıxır, dünyanı nə günə salır...

İnsanlar bunun qarşısını almalıdırlar. Son 500 ildə bəşəriyyətə 5 nəhəng imperator vermişik. Onlar dünyanın yarısını idarə ediblər. Bizim xalq potensialı olan xalqdır...

- Prezident İlham Əliyev AMEA-dakı nitqində elm adamlarına daim qayğı göstərildiyini vurğuladı. Sizcə, bu qayğı Azərbaycanda elmin inkişafına yeterli töhfə verə bilirmi?

- Təəssüf ki, 0.1 faiz büdcə ilə heç nə etmək olmaz. Zirvələrə qalxmaq çətin, enmək asandır. Bu haqda bir yazımda da bildirmişəm ki, qalxmaq çətindir. Burada təkcə dağlara çıxmaq nəzərdə tutulmayıb. Qələbəni də qazanmaq çətindir, amma onu saxlamaq da çətindir. Millət olaraq bunu qəbul etsək, hər şey yaxşı olacaq. İnsanlar var, ancaq özləri üçün yaşayırlar, ucu-bucağı olmayan villalar tikirlər, ildə bir dəfə onun ancaq 2, ya 3 otağını istifadə edirlər. Bunların hamısının qarşısı alınmalıdır. Milyardları mənimsəyən adamlarla kasıb təbəqə necə bir yerdə ola bilər?! Onların əqidəsi ilə erməni əqidəsinin arasında hansı fərq var?!

- Etiraf etməliyik ki, başda AMEA olmaqla, bir çox elm ocaqları dövlət büdcəsində böyük yükə çevriliblər. Halbuki bu qurumlar “büdcəni yeyən” yox, dövlətin inkişafına təkan verməli olan elm ocaqları olmalıdırlar. Yaxın gələcəkdə konkret olaraq AMEA ilə bağlı belə bir perspektiv gözləyirsinizmi?

- Hazırda təşəbbüs ediblər, dedilər, Gənclər Akademiyası yaradılır. Buna mən çox sevindim. Əvvəl də qeyd etdik ki, Avropada olduğu kimi, Azərbaycanda da əczaçılıq sahəsi böyüdülməlidir. Tək neftə ümid bağlamaq olmaz. Qarabağ alınıb, indi o ərazilərin səhmana salınması üçün maddi vəsait lazımdır. Ona görə, başqa sahələri də inkişaf etdirmək mütləqdir.

Bəzən insan ancaq özü haqqında fikirləşir. Bu, mənim bəyənmədiyim bir haldır. Amma, ümumiyyətlə, bizdə kimlərsə məşğul olacaq bir şey tapmayanda bir-biri ilə düşmən kimi ədavət aparır. Sanki bir millətin nümayəndəsi deyillər. Bir-birimizə qarşı yersiz hücümlar edirik. Bu hal hər yerdə var. Yaxşı olar ki, təkrarlanmasın. Qəbul etməliyik ki, hamımız bir ölkənin vətəndaşıyıq. Çalışıb, xaricə köçən gənclərimiz üçün öz vətənimizdə şarait yaratmalıyıq. Biz ölkəmizi inkişaf etdirməliyik.

Mən özüm də 13 ilimi Moskvada qoymuşam. Məhz bu səbəbdən də istəyirəm ki, övladlarımız xaricdə əziyyət çəkməsin, öz dövlətimizdə inkişaf etsinlər. Qalıb öz dövlətimizdə işləsinlər, xalqa, vətənə faydalı olsunlar.

Bilirsiniz ki, indi məktəblilərin əksəriyyəti hazırlıqlara gedir. Məktəblər uşağa yetərli səviyyədə bilik verə bilmir. Bu, dözülməz bir haldır. Azərbaycan Babək yurdu, Şah İsmayıl Xətai yurdu, Mirzə Fətəli Axundov kimi nəhənglərin yurdudur. Azərbaycan xalqı birlikdə güclüdür. Biz eyni fikirdə, eyni düşüncədə olmalıyıq. Bir-birimizə qarşı lazımsız hücumları yığışdırmalıyıq. Əgər görürsənsə kimsə zəifdir, onun səhvini təkrar etmə, özün inkişaf et. Bu qaydada hər birimiz uğur qazana bilərik.

Biz İkinci Qarabağ Müharibəsinin qəhrəmanları ilə dünyaya səs salmış ölkəyik. İllərdir ermənilər öz yalanlarını dünyaya car çəkərək, “soyqırım” törədildiyini deyirdilər. Amma biz sübut etdik ki, hər zaman sülhün tərəfində olmuşuq.

Bundan sonra da Azərbaycanı bütün dünya yaxşı mənada  tanmalıdır. İstəyirəm ki, övladlarımız xaricə işləməyə getməsin, xəstələr Azərbaycanda müalicə alıb sağalsın. Ölkəmizdə əziyyət çəkən insanlar çoxdur. Birlik olub, hər şeyin öhdəsindən gəlməliyik.

Mənim Allah belə bir müraciətim də olub. Bildirmişəm ki, axırıncı peyğəmbərin Məhəmməd olması məsələsi aktual deyil. Əgər doğrudan da bu dünyanı peyğəmbər düzəldirsə, 3-4 nəfərini bizə göndərsin.

Səməd Vurğun necə deyirdi:

Xudaya! İnsanın halı yamandır,

Nələr çəkdiyimiz sənə əyandır,

Mənası varmıdır min təriqətin?

Aç..Aç qapısını sən həqiqətin.

Yazıqdır dünyanın əşrəfi insan,

Böyüksən, adilsən, keç günahından!

Söhbətləşdi: Jalə FAMİLQIZI