Saat:00:19
Haqqımızda

"MƏNƏ XƏSTƏ HEYVANLAR VERİLDİ, BİRİ ÖLDÜ" - Gədəbəy sakini Məşğulluq Agentliyini ittiham edir, qarşı tərəf isə...

2025-10-09 16:10:34

Gədəbəy rayonu, Arıxdam kənd sakini İsgəndərov Şadman Musa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Məşğulluq Agentliyindən verilən heyvanların qısa müddət ərzində öldüyünü iddia edir:

“Mən, İsgəndərov Şadman Musa oğlu, bildirirəm ki, Məşğulluq Agentliyindən mənə 3 baş mal vermişdilər. Verdikləri heyvanlar xəstə olduğundan biri öldü. Bu səbəbdən, nəinki həmin heyvanlardan qazanc götürə bildim, əksinə, mənə 3150 manat dəyərində ziyan dəyib. Belə ki, 2100 manat ot, 400 manat yem, 350 manat iynə-dərmana və 300 manat da çoban haqqı vermişəm.

Məşğulluq Agentliyinin Gədəbəy rayonunda yerləşən idarəsinin 2 nəfər əməkdaşı gəlib yoxlama apardılar. Mənə sual verdilər ki, heyvanlardan nə qədər gəlir götürmüsən? Cavabında bildirmişəm ki, südü yox, yağı yox, heç bir qazanc əldə edə bilməmişəm. Üstəlik, bankdan 6 min manat pul götürüb, onun 3 min 150 manatını heyvanlara xərcləmişəm.

Mənə vurduqları ziyana görə, Məşğulluq Agentliyini məhkəməyə verəcəyimi demişəm. Mənə vurduqları ziyanı ödəsinlər, gəlib xəstə, ölən heyvanı aparsınlar.

Hara şikayət edirəm baxmırlar". 

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən Hurriyyet.az-a bildirdilər ki, Gədəbəy rayonu, Arıqdam kənd sakini İsgəndərov Şadman Musa oğlunun müraciəti araşdırılıb: "Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır və 18.10.2024-cü il tarixdə  “Maldarlıq təsərrüfatı”  istiqaməti üzrə aktivlərlə təmin olunub. Bu prosesdən 6 ay sonra, cari ilin aprel ayında Qazax-Tovuz Regional Məşğulluq filialının Xidmət şöbəsinə müraciət edərək ona verilən heyvanlardan birinin tələf olduğunu bildirib. Şadman İsgəndərova proqramın icrası qaydaları barədə məlumat verilib. Bildirilib ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar etdiyi halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) əmlakı təhvil aldıqdan ən geci 30 gün müddətində Filiala təqdim etməlidir. Vətəndaşın müraciəti qeyd olunan müddət ərzində qeydə alınmadığı üçün əmlakların yenisi ilə əvəz olunması mümkün olmayıb".

Jalə FAMİLQIZI

Hurriyyet.az