Saat:18:06
Haqqımızda

Məhkəmə həbsdə olan vəkillə bağlı qərar verdi

2025-11-14 16:04:18

Məhkəmə həbsdə olan vəkillə bağlı qərar verdi

“Məhkəmələrdə qazandığı saysız bəraətlərlə insanlarda məhkəmələrə, ədalətə etimad yaradan vəkil Zabil Qəhrəmanovun üzünə bugün növbəti ədalətsiz məhkəmə qərarı oxundu”.

Hurriyyet.az xəbər verir ki, bunu vəkil Babək Həmidov bildirib.

Onun sözlərinə görə, müstəntiq Z.Qəhrəmanovun təcridxanada ailə üzvləri ilə görüşünə və telefon danışığına hər hansı dəlil və əsas olmadan qadağa qoyub.

“Gəncə şəhər Məhkəməsinə qərardan şikayət etdik. Hakim Məhəmməd Həsənli müstəntiqin qanunsuz qərarını qanuni saydı və Zabili ailə üzvləri ilə görüşdən və telefon danışığından məhrum qoydu.

Müqayisə üçün deyim ki, Tərtər hadisələrinin vurhavur vaxtında xüsusilə ağır cinayət olan dövlətə xəyanətdə ittiham edilən müdafiə etdiyim şəxs barəsində eyni qərarı Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qasımov ləğv etmiş, şəxsin ailə üzvləri ilə görüşünə və telefon danışığına icazə vermişdi.

Gəncə şəhər Məhkəməsinin hakimi Məhəmməd Həsənli isə ölkənin ən dürüst və ləyaqətli vəkillərindən olan, həm də az ağır cinayətlə şərlənən Zabil Qəhrəmanovun ailə üzvləri ilə görüşünü və telefon danışığını dövlətə xəyanətdə ittiham edilən şəxsdən daha təhlükəli saydı”.

Xatırladaq ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 24-də avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri elan edib.