Saat:22:30
Haqqımızda

Kreditlə maşın aldı, külli miqdarda zərərə düşdü

2025-08-19 11:23:09

Kreditlə maşın aldı, külli miqdarda zərərə düşdü

Ucar sakini Əliqulu Nəbiyev: “Maşını satan Hüseyn Həsənov deyir ki, get əlindən gələni 2 qaba çək”

Ucar rayon sakini Nəbiyev Əliqulu Tapdıq oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, dələduzluqla üzləşib:

“Mən, Nəbiyev Əliqulu Tapdıq oğlu, yazaraq bildirirəm ki, 2022-ci ildə kreditlə Həsənov Hüseyn Həsən oğlundan  “Mercedes” markalı avtomobil almışam. Günlərin birində gecə saatlarında Hüseyn zəng vurub bildirdi ki, gəl maşını apar. Səhər gəlib apararam desəm , yox, indi gəl apar dedi. Sonradan başa düşdüm ki, o, maşını kiminsə əlindən alıbmış.

Maşını öz həyətimizə gətirdim. Əmək haqqı kartımı aparıb ona verdim. 5 ay ona 1000 manatdan pul ödəmişəm. Bir müddət sonra dedim ki, 1000 manata gücüm çatmır, 500-600 manat ödəniş etdim.

15 min 200 manata maşını satmışdı. Sonradan maşın məndə olduğu halda qiyməti qaldırıb 18 min 200 manat etdi. Dedim ki, mənim o pulu ödəməyə gücüm yoxdur, imkanım çatmır...

Maşın köhnə idi, həmin maşına qiymətindən əlavə 5 min manat xərc çəkmişdim. Əlbəttə, qiymətin baha olduğunu da ona bildirmişdim. Onun sonradan təklif etdiyi qiymətə mən yeni avtomobil ala bilərdim.

1 ay maşının pulunu verə bilmədim. Dərhal maşını gəlib həyətimdən götürüb, başqa adama satdı. Hazırda pulumu vermir. Deyir ki, “get əlindən gələni 2 qaba çək”.

Hüseyn Həsənova cəmi 11 min 870 manat pul ödəmişəm. Məsələ ilə bağlı polisə müraciət edəcəm. O isə deyir ki, mənim arxamda yüksək vəzifəli şəxslər dayanıb.

Çarəsiz vəziyyətdə qalmışam, pulumu ala bilmirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.