Saat:15:25
Haqqımızda

Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah

2025-12-10 13:56:47

Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah

Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər də yer alıb. Artıq xeyli müddətdir ki, cəmiyyəti həmin dəyişikliklə bağlı bir sual düşündürür: işsizlər üçün tibbi sığorta haqqını kim ödəyəcək? Mətbuatda yayılan məlumatlar bu məsələni daha da qarışdırmışdı.

Hurriyyet.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov qeyd edib.

“Deməli, Qanuna aşağıdakı məzmunda 15-2.2.3-1-ci maddə əlavə edilib: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər’.

15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “Bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir”.

Sadə dildə bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: işçi üçün onun işəgötürəni; sahibkar üçün özü; qeyri-formal məşğul şəxs üçün özü; qalan bütün kateqoriyalar üçün dövlət.

Burada qeyd edilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik “qeyri-formal məşğul şəxslərlə” bağlıdır. Səs-küy də bundan qaynaqlanırdı. Rəsmilər layihəni dərc etmədən mətbuata ümumi informasiya sızdırmış, media isə onu fərqli izah etmişdi. Ekspertlər layihəni görmədən dəqiq rəy bildirə bilmirdilər”.

Həsənov əlavə edib ki, işsiz və qeyri-formal məşğul anlayışları tam fərqlidir:

“İşsiz – rəsmi gəliri olmayan şəxsdir. Qeyri-formal məşğul isə vergi və digər məcburi ödənişlərdən yayınaraq gəlir əldə edəndir və qanunla məsuliyyət daşıyır.

Qeyri-formal məşğul şəxsə leqal ödəniş – yəni sığorta haqqı – öhdəliyi qoymaq absurddur. Dövlətin işi bu şəxsləri müəyyən etmək, onlardan vergi tutmaq və fəaliyyətini leqallaşdırmaqdır. Sığorta haqqı da yalnız həmin leqal fəaliyyət əsasında ödənilməlidir”.

axar.az