Saat:21:08
Haqqımızda

Kənddə müasir məktəb tikilib, amma müəllim və şagirdlər soyuqdan “donur”

2025-12-08 19:56:18

Kənddə müasir məktəb tikilib, amma müəllim və şagirdlər soyuqdan “donur”

Lerik rayonundakı 132 yerlik Cəngəmiran ümumtəhsil tam orta məktəbi cari ilin sentyabrında yenidən tikilib, istifadəyə verilsə də, bu günədək istiliklə təchiz olunmayıb.

Hurriyyet.Az kənddəki mənbələrə istinadən xəbər verir ki, istiliyin verilməməsi səbəbindən müəllimlər və şagirdlər çox əziyyət çəkirlər. Hətta bəzi müəllimlər şagirdləri soyuqdan qorumaqdan ötrü evlərindən elektrik sobaları gətirməli olurlar, lakin bu da effekt vermir. Havaların kəskin soyuması və qripin yayılması müəllim və şagirdləri, ümumilikdə valideynləri çox çətin situasiya ilə üz-üzə qoyub.

Aldığımız məlumata görə, Lerik şəhərinin 3 km-liyində yerləşən Cəngəmiran kəndində 150 təsərrüfat, 800-ə yaxın sakin var. Məktəbdə isə hal-hazırda 20 müəllim işləyir, 109 şagird təhsil alır.  

Əvvəlki məktəbin yerində yeni, müasir məktəb tikildikdən sonra qaz xətti çəkilib, kombi quraşdırılıb, sayğac qoyulub, ancaq məktəbin istiliklə təmin olunması ilə bağlı qərar olmadığı üçün məsələnin həlli “daşa dirənib”. Sakinlərin bildirdiyinə görə, siniflərin soyuq olması davamiyyətə də ciddi şəkildə təsir edib.

Xatırladaq ki, Cəngəmiran Qarabağ uğrunda 10 şəhid vermiş qəhrəman kənddir. Hazırda kəndə yaxın dağlara qar düşməsi halında məktəbin istilikdən məhrum olması sakinləri kifayət qədər narahat edir. Musavat.com-a müraciət edən sakinlər problemlə əlaqədar yerli və regional qurumlara müraciət ünvanladıqlarını, lakin hələlik müsbət nəticə əldə olunmadıqlarını deyərək kömək istəyiblər.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıqda, məlum oldu ki, adı çəkilən məktəb onların balansında deyil.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən Musavat.com-a bildirildi ki, məsələ araşdırılacaq və bu barədə açıqlama veriləcək.

Mövzuya qayıdacağıq.

Musavat.com