Saat:16:34
Haqqımızda

İŞSİZLƏRƏ 28 MİLYON MANAT ÖDƏNİLƏCƏK – Kimlər ala biləcək?

2025-11-24 11:14:53

İŞSİZLƏRƏ 28 MİLYON MANAT ÖDƏNİLƏCƏK – Kimlər ala biləcək?

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən fondun xərcləri 266,4 milyon manat təşkil edəcək.

Deputat Vüqar Bayramov bildirib ki, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu, 2025-ci illə müqayisədə 65 faiz artım deməkdir.

V.Bayramov açıqlamasında bu vəsaiti kimlərin ala biləcəyinə də aydınlıq gətirib. Vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyən olunmuş hallarda iş yerini itirən vətəndaşlara şamil edilir. Sığorta ödənişi dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ştatların ixtisarı, müəssisənin mülkiyyətçisinin dəyişməsi, məhkəmə qərarı ilə əvvəlki işçinin bərpa olunması, müddətli həqiqi hərbi xidmətdən qayıdan şəxsin əvvəlki iş yerinə qəbul hüququndan istifadə etməsi və əmək müqaviləsinin müddətinin bitməsi kimi hallarda ödənilir.

İqtisadçı deputat müraciət qaydaları barədə də danışıb. O qeyd edib ki, sığorta ödənişi almaq hüququ əldə etmiş şəxslər əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdırlar. Bundan sonra şəxs ərizə və tələb olunan sənədləri təqdim edir və sığorta ödənişi təyin olunur.

Deputat işdən azad edilmə hallarına görə tələb edilən sığorta stajı barədə də məlumat verib. Əmək müqaviləsinin müddətinin başa çatmasına görə işdən azad edilən şəxslər üçün işsizliyin başlamasından əvvəlki ardıcıl 36 təqvim ayı ərzində 24 ay müddətli əmək müqaviləsi üzrə işləmək, hüquqi şəxsin ləğvi, ştat ixtisarı, mülkiyyətçinin dəyişməsi və digər hallarda isə işsizliyin başlamasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajına malik olmaq əsas şərtlərdir.

V.Bayramov bildirib ki, ödəniş sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi səviyyəsində hesablanır. Bu məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqından çox, minimum sığorta ödənişi məbləğindən isə az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır.

Vüqar Bayramov vurğulayıb ki, qeyd olunan hallarda iş yerini itirən vətəndaşlar ərizə ilə müraciət etməklə işsizlər üçün nəzərdə tutulan sığorta ödənişlərini əldə edə bilərlər.