“İrəvana təzyiq etmək asandır, ABŞ-yə niyə etmirlər?” – AÇIQLAMA
Xameneinin müşaviri Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. Bildirib ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır.
Hurriyyet.Az bildirir ki, bu barədə Ajanns.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, İranın zaman-zaman maraqlarını bu kontekstdə ifadə etməsi baş verən hadisələrlə əlaqədardır:
“İran hiss edir ki, oyundan tam kənar vəziyyətdə qalıb, dəhlizlə bağlı prosesdə İrandan heç nə soruşulmur. Dəhlizin açılma prosesində əsas dominant güc ABŞ olduğu üçün İranın birdə ABŞ-dən istək və gözləntiləri var. Çünki nüvə məsələsi ilə bağlı ABŞ-İran danışıqlarını təmin etmək hələ də mümkün olmayıb. Çünki ABŞ-nın şərtləri İran rəhbərliyi üçün qəbuledilməzdir. Bu cür açıqlamalarla bir növ ABŞ ilə siyasi bazarlıq etmək istəyirlər. Ermənistana təzyiq dolayı yolla ABŞ-yə təzyiq deməkdir ki, burada da əsas hədəf kimi Zəngəzur dəhlizi görülür”.

Politoloq qeyd edib ki, Rusiya da son zamanlar Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verməyə başlayıb:
“Əsaslandırma da budur ki, Ermənistanın dəmiryol sistemi Rusiyaya aiddir. Bildiyiniz kimi, Koçaryanın prezidentliyi dövründə bu dəmiryolu sistemi strateji olmasına rəğmən Rusiyaya verilib. İdarəetmə Rusiyada olduğu üçün bu prosesdə iştirak etmək istədiyini, bununla bağlı Ermənistanla danışıqlar aparmaq istədiyini bəyan edir.
Bəs İran və Rusiyanın son zamanlar aktivləşməsi onların geosiyasi maraqlarını təmin edəcəkmi? Düşünürəm ki, etməyəcək. Ermənistana təzyiq etmək onlar üçün asandır, maraqlıdır ki, bu üsyankar açıqlamalar ABŞ-yə qarşı nədənsə edilmir, hədəf olaraq ABŞ göstərilmir. ABŞ tamamilə yeni bir infrastrukturun qurulması, ABŞ-Ermənistan birgə şirkəti yaradaraq prosesi davam etdirmək niyyətindədir və bu prosesdə üçüncü bir dövlətə yer yoxdur”.
